20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi
Bakı, 20 yanvar (AZƏRTAC). 20 Yanvar şəhidlərimizin xatirəsini hörmətlə yad edərkən bu gün fəxrlə deyə bilərik ki, onların uğrunda canlarını qurban verdikləri müstəqil respublikamız bütün dünyaya müstəqilliyimizin əbədi və dönməz olduğunu sübut etmişdir.
Bu sözləri 20 Yanvar faciəsinin 23-cü ildönümü günündə Şəhidlər xiyabanına gələrək, igid Vətən övladlarının müqəddəs xatirəsini yad etməyi özünə borc bilən Respublika Qadınlar Cəmiyyətinin üzvü Fatma Xanməmmədova AZƏRTAC-a müsahibəsində bildirmişdir. 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı qürurunu itirmədi, onun iradəsi qırılmadı.
Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik, həm də o müdhiş gecəni iftixar hissi ilə xatırlayırıq. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi cinayət nəticəsində tökülmüş nahaq qanlar xalq kütlələrini azadlıq arzusu ətrafında birləşdirdi, onların mübarizliyini daha da artırdı. Məhz xalqımızın yenilməzliyi, Vətənə, torpağa sədaqəti, azadlıq uğrunda mübarizə əzmi sayəsində müqəddəs arzumuza çatdıq - milli azadlığımıza qovuşduq. Allahdan torpaqlarımızın azad olunması uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət diləyirəm. Qəbirləri nurla dolsun!