REGİONLAR
Mehman İsmayılov: FHN daim şəhid ailələri ilə əlaqə saxlayır, müxtəlif bayramları onlarla birlikdə keçirir VİDEO
Yevlax, 1 iyun, AZƏRTAC
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində Vətən müharibəsi şəhidlərinin övladları üçün “Açıq qapı günü” keçirildi. Tədbirin əsas məqsədi uşaqların Fövqəladə Hallar Nazirliyinin qurumlarına həvəsinin artırılması, xilasedicilərin və yanğınsöndürənlərin iştirak etdiyi tədbirlərə qatılması və onların texniki avadanlıqlar ilə tanış olmasıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Yevlaxda jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov söyləyib.
Ölkə rəhbərliyinin şəhid övladlarına göstərdiyi diqqət və qayğıdan danışan M.İsmayılov deyib: “Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid övladlarına göstərdiyi diqqət və qayğı danılmazdır və hər bir ailə, hər bir ocaq bunu hiss edir. Bu prioritet siyasətin tərkib hissəsi olaraq Fövqəladə Hallar Nazirliyi də daim şəhid ailələri ilə əlaqə saxlayır, müxtəlif bayramları onlarla birlikdə keçirir və həmrəylik nümayiş etdirir. Bu gün keçirilən tədbir də buna bariz nümunədir”.