REGİONLAR
Zakir Quliyev: 20 kanalın beton üzlüyə alınması ilə bağlı layihə-smeta işləri həyata keçirilir VİDEO
Şabran, 3 iyun, Elxan Yusifli, AZƏRTAC
Respublika üzrə ümumilikdə 52 min kilometr suvarma kanalları mövcuddur. Bunun təxminən 72-73 faizi torpaq kanallardır. Torpaq kanallarda su itkisi çox olur. Həmin torpaq kanalların bir çoxunun tikintisi onilliklər əvvəl həyata keçirilib. Bu kanallarda təxminən 35-40 faiz su itkisi baş verir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev 5 iyun - “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibətilə Taxtakörpü su anbarına təşkil olunan mediaturda jurnalistlərə müsahibəsində məlumat verib.
Z.Quliyev bildirib ki, su itkisi təkcə kanallarda yox, eyni zamanda, əkin sahələrində də çox baş verir. Kəndli-fermer təsərrüfatlarında müəyyən hamarlamaların aparılmaması nəticəsində 2-3 dəfə artıq suvarma suyu verilir. Bu da təbii ki, su və vaxt itkisinə gətirib çıxarır.
“Bilirsiniz ki, ölkədə sudan istifadə üzrə komissiya fəaliyyət göstərir. Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Dövlət Su Komissiyası var və komissiyada bu məsələlərə ciddi baxılır. 20 kanalın beton üzlüyə alınma məsələsi ilə bağlı artıq layihə-smeta işləri həyata keçirilir. Bundan başqa, çaylar üzərində 10 su anbarının tikintisi məsələsi üzrə texniki-iqtisadi əsaslandırma işləri, layihə sənədləri hazırlanıb həyata keçirilir. Bu layihələr icra olunduqca, torpaq kanallarını beton üzlüyə alınmasına, daha müasir suvarma kanallarını yaradılmasına nail olunacaq”, - deyə Zakir Quliyev əlavə edib.