Adnan Karamanlı: Qarabağ əsilli Türkiyə vətəndaşı olaraq bundan sonra da Can Azərbaycanın yanındayıq VİDEO
Əskişəhər, 5 oktyabr, AZƏRTAC
Əskişəhər sakini olan qarabağlılar daim vətən eşqi ilə yaşayıb, Can Azərbaycan sevgisi ilə nəfəs alıblar. 1850-ci illərdə Qarabağdan Osmanlı ərazisinə köçən əcdadlarımızın bu torpaqlarda saldıqları izləri qorumağı hər zaman özümüzə mənəvi borc bilmişik. Qarabağ Can Azərbaycanın qəlbi, Bakı da onun düşünən beynidir. Türkiyənin varlığına və qüdrətlənməsinə nə qədər seviniriksə, Azərbaycanın da müstəqil dövlət olaraq inkişafına eyni məhəbbəti bəsləyirik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Əskişəhərdə fəaliyyət göstərən Əmirdağ və kəndləri mədəniyyət və sosial həmrəylik dərnəyinin (Emirdağ ve Köyleri Kültür ve Sosyal Dayanışma Derneği) rəhbəri Adnan Karamanlı ifadə edib.
Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini milli sərvətimiz kimi dəyərləndirən dərnək sədri Adnan Karamanlı deyib ki, Qarabağ Zəfəri hər bir türk üçün qürurdur. Türkiyənin Əskişəhər bölgəsinin sakinləri olan qarabağlılar bundan sonra da Azərbaycana milli bağlılığımızı qorumaqda israrlıdır. Qarabağ əsilli Türkiyə vətəndaşı olaraq bundan sonra da Can Azərbaycanın yanındayıq.
AZƏRTAC-ın xüsusi müxbiri
Əskişəhər