HEYDƏR ƏLİYEV - 1
Estoniyada Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş konsert təşkil olunub VİDEO


















Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar tədbirlər çərçivəsində, Diasporla İş üzrə Dövlət Komitəsinin, ölkəmizin Estoniyadakı səfirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun birgə təşkilatçılığı ilə Narva və Tallin şəhərlərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi xadim və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Əbədilik” adlı təntənəli konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan ölkəmizin Estoniyadakı səfiri Anar Məhərrəmov tədbirin əsas məqsədinin Azərbaycanın mədəniyyətini, musiqi incilərini Estoniyada geniş təbliğ etmək, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə vermək olduğunu vurğulayıb.
Sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil dövlətimizin güclənməsi və inkişafı naminə göstərdiyi misilsiz və əvəzsiz xidmətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüb.
Estoniya parlamentinin (Riigikogu) üzvü, Estoniya-Azərbaycan parlamenlərarası dostluq qrupunun sədri xanım Riina Solman çıxışında musiqi gecəsinin iki ölkə arasında mədəni əlaqələrin daha da inkişafına, eston tamaşaçısının Azərbaycan milli musiqisi ilə yaxından tanış olmağa xidmət edəcəyini bildirib.
Konsertdə Narva şəhər simfonik orkestrinin iştirakı və Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Xalq artisti Nəzakət Teymurova, Əməkdar artist, tarzən Əliağa Sədiyev və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fatimə Cəfərzadənin ifasında Azərbaycan bəstəkarlarının, eləcə də dünya klassiklərinin əsərləri səsləndirilib.