REGİONLAR
“Bir ayağımın olmamasına baxmayaraq, yaşıl meydanlar məni yenidən həyata qaytardı” – amputant futbol klubunun üzvü FOTO VİDEO
Gəncə, 14 noyabr, Elcan Məmmədov, AZƏRTAC
“Futbola hələ kiçik yaşlarımdan marağım vardı. Mina partlaması nəticəsində bir ayağımı itirdikdən sonra tamamilə hər şeydən uzaqlaşdım. Sanki həyatdan küşmüşdüm. Amputant Futbol Klubu barədə dəfələrlə atama demişdilər. Ancaq inanmırdım ki, bir ayaqla futbol oynamaq olar. Buraya gəldikdən sonra hər şey tamamilə dəyişdi. Sanki yenidən həyata qayıtdım. İndi özümü sağlam insanlardan zərrə qədər də fərqli hiss etmirəm”.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Kəpəz” Peşəkar Futbol Klubunun nəzdində fəaliyyət göstərən “Kəpəz” Amputant Futbol Klubunun və ölkə yığmasının üzvü Hüseyn Hüseynov deyib.
“Biz burada həyatla mübarizə aparırıq. Bizim kimi əlilliyi olan şəxslərin çoxu passiv həyat tərzi keçirir. Komandamızda bir ayağı və bir qolu olmayan üzvlər var. Buradan bütün əlilliyi olan şəxslərə səslənib, onları da komandamıza dəvət edirəm. Amputant futbol klubu mən və mənim kimi mina terroru qurbanı olan qazilərə və bədbəxt hadisə nəticəsində əlil qalan şəxslərə yenidən həyat verir,” - deyə H.Hüseynov bildirib.
Hüseyn Hüseynov 15 oktyabr 1996-cı ildə Gəncə şəhərində anadan olub. 2015-ci ildə hərbi xidmətdə olarkən Tovuz istiqamətində mina partlaması nəticəsində sol ayağını itirib. Amputant futbol oyunu üzrə Şotlandiyada keçirilən yarışlarda 2024-cü il Dünya çempionatına vəsiqə qazanıb.
Klubun köməkçi məşqçisi Fərid Bayramovla söhbət zamanı “Kəpəz” Amputant Futbol Klubunun Qərb regionunda fəaliyyət göstərən yeganə amputant futbol komandası olduğunu vurğulayıb: “Kəpəz” Futbol Klubu komandamızı himayəsinə götürdükdən sonra lazımi avadanlıqlarla təchiz olunduq. Məşqlər həftədə bir dəfə keçirilir. Artıq komandamızın bir üzvü - Hüseyn Hüseynov ölkə yığmasında təmsil olunur. Son zamanlar bu sahəyə maraq artıb. Çalışırıq ki, təkcə müharibə qaziləri yox, həm də müxtəlif bədbəxt hadisələr nəticəsində əlil olan şəxslər də komandamızda təmsil olunsun. Çünki, futbol onların həm həyata baxışını dəyişir, həm də sağlam həyat tərzi keçirmələrinə kömək edir”.
Vətən müharibəsi qazisi, komandanın kapitanı Xəyal Qurbanov isə amputasiya olunan bütün şəxsləri öz sıralarına dəvət edib. “Bir ayağımın olmamasına baxmayaraq, yaşıl meydanlar məni yenidən həyata qaytardı. Səbəbindən asılı olmayaraq bütün amputasiya olunan şəxsləri, xüsusilə də müharibə qazilərini komandamıza dəvət edirəm”, - deyə o əlavə edib.
Qeyd edək ki, “Kəpəz” Amputant Futbol Klubu 2018-ci ildə yaranıb. Komanda tam fəaliyyətə 2023-cü ildə, “Kəpəz” FK-nun himayəsinə keçdikdən sonra başlayıb.