Moskvada “Lermontov zamanı. Dahi şair Azərbaycan mədəniyyətində” adlı sərgi açılıb VİDEO
Moskva, 25 yanvar, AZƏRTAC
Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda dahi rus şairi Mixail Lermontovun anadan olmasının 210 illiyinə həsr olunmuş “Lermontov zamanı. Dahi şair Azərbaycan mədəniyyətində” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Lermontov zamanı” regional ictimai təşkilatı ilə birgə “Azərbaycan” pavilyonu tərəfindən təşkil olunub.
Sərginin açılışında çıxış edən “Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova Lermontovun Azərbaycana səyahəti barədə danışıb. “Lermontov Quba, Şamaxı və indiyə qədər dahi şairin evinin qorunub saxlandığı Qusarda olub. Lermontov bu yaxınlarda işğaldan azad olunan və hər bir azərbaycanlının ürəyinə əziz olan Şuşa şəhərində də olub. Əsərlərinin birində Lermontov Qarabağ atları haqqında da yazır. O, bu diyarı nə qədər bəyəndiyini izhar edib. Şair, həmçinin Avropada fransız dili qədər Qafqazda əhəmiyyətli hesab etdiyi Azərbaycan dilini öyrənib”, - deyə S.Qədirova bildirib.
Pavilyonun direktoru əlavə edib ki, sərginin əsas eksponatı şairin əvvəllər məlum olmayan və həyatda olarkən çəkilən portretidir. Bu rəsm əsəri sərginin təşkilatçıları və fərdi kolleksiyaçı Roman Qavrilovun səyləri sayəsində ABŞ-dan Rusiyaya qaytarılıb. 2023-cü ilin fevral ayında sənət əsəri P.M.Tretyakov adına Elmi-tədqiqat müstəqil ekspertizasında ekspertizadan keçib. O, 1830-cu illərin sonlarına aiddir. Rəsm əsəri “Azərbaycan” pavilyonunda ilk dəfə nümayiş olunur.
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Aqşin Əliyev çıxışında səfir Polad Bülbüloğlunun salamlarını çatdırıb. O qeyd edib ki, Azərbaycanda Lermontov yaradıcılığına hər zaman böyük maraq olub. “Azərbaycan dünyaya dahi şairlər və yazıçılar bəxş edib. Ölkəmizdə rus ədəbiyyatına hörmətlə yanaşılır. “Azərbaycan” pavilyonunda Lermontova həsr olunmuş sərginin açılması ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə verir”, - deyə diplomat bildirib.
Sərginin açılışında çıxış edən “Lermontov zamanı” regional ictimai təşkilatın prezidenti Mariya Mixeyeva-Nikatina, “Lermontov irsi” MMC-nin baş direktoru İrina Knyazeva və digərləri birgə mədəni tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd olunub ki, ilk cənub sürgünü zamanı Lermontov Azərbaycana səfər edib və bu barədə o, dostu Svyatoslav Rayevskiyə ünvanlandığı məktubda yazıb: “..Dağları aşdım, Şuşa, Quba, Şamaxıda oldum.., Azərbaycan dili ilə maraqlandım, onu Azərbaycan realistik ədəbiyyatının banisi, filosof-materialist Mirzə Fətəli Axundzadədən öyrənirdim”.
Sərginin xüsusi multimedia zalının “İmprovizasiya” ekspozisiyası M.Y.Lermontov və M.F.Axundzadənin Aleksandr Puşkinin ölümü ilə bağlı poetik fikirlərinə, eləcə də Lermontovun ölməz “Demon” poemasına həsr olunub. Eyniadlı Azərbaycan xalq nağılının motivləri əsasında Lermontovun “Aşıq Qərib” şərq nağılının illüstrasiyaları olan nadir incəsənət obyekti zala xüsusi rəng verir.
Sərginin ziyarətçilərinə ayrıca hədiyyə - Rusiya Xalq rəssamının ekspozisiyası, dünyaca məşhur heykəltaraş Aleksandr Burqanovun rus ədəbiyyatı klassikinə həsr olunmuş heykəlidir. Şairin yubileyi ilə bağlı xüsusi olaraq yaradılmış Lermontovun büstü ilk dəfə olaraq tamaşaçılara nümayiş olunub.
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva