EPF Koalisiyasının həmtəsisçisi: Ermənistanın BMT-nin transsərhəd su axarları üzrə Konvensiyasını ratifikasiya etməsi vacibdir VİDEO
Bakı, 16 oktyabr, AZƏRTAC
Ermənistanın BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyasını ratifikasiya etməsi vacibdir. Əminlik var ki, sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan hökuməti Ermənistanın sözügedən Konvensiyaya qoşulmasını və Konvensiyanın 9-cu maddəsinin həyata keçirilməsi üçün birgə qurumun yaradılmasını razılaşdırılması vacib olan ilk məsələlər sırasında təkid edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi Sabit Bağırov Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə bağlı keçirilən brifinqdə söyləyib.
O bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarının Ermənistan vətəndaş cəmiyyəti təşkilatları ilə yeni razılaşdırılmış zolaqda ekoloji vəziyyətin birgə monitorinqi sahəsində konstruktiv əməkdaşlığın qurulması istiqamətində səylərini davam etdirmələri vacibdir. Zolağın eni hökumətlərarası sazişlə razılaşdırıla bilər.