Qış aylarında meyvə bağlarında nələrə diqqət yetirilməlidir? VİDEO
Gəncə, 25 fevral, Elcan Məmmədov, AZƏRTAC
Respublikanın müxtəlif bölgələrində son günlər qarın intensiv yağması, havaların şaxtalı keçməsi kənd təsərrüfatı üçün iqtisadi baxımdan əlverişlidir. Qarın yağması demək olar ki, kənd təsərrüfatının bir çox sahəsinə müsbət təsir göstərir. Ancaq soyuq havalara və don vurmaya qarşı xüsusilə meyvə bağlarında diqqətli olmalı məqamlar var.
Dövlət Aqrar Universitetinin əməkdaşı, dosent Hüseyn İdrisov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, qışda aldadıcı istilər, yəni arabir havaların isti keçməsi bitkilərin vaxtından əvvəl oyanmasına gətirib çıxarır. Lakin çox vaxt sonradan qar yağır və şaxta olur ki, bu da bitkilərə zərər vurur.
“Bəzi bağlarda hazırkı hava şəraitində badam, zoğal, fındıq kimi bitkilərin vaxtından əvvəl oyandığını, tumurcuqlarının çiçək açdığını görürük. Bunlar bioloji cəhətdən tez oyanan bitkilər olsa da, hava şəraitinin dəyişkənliyi mənfi rol oynayır. Gecə temperatur -1 dərəcənin altına endikdə tumurcuqlar məhv ola bilər”, – deyə H.İdrisov vurğulayıb.

O, belə hallarda fermerlərə mütləq şəkildə mütəxəssislərə müraciət etməyi məsləhət görüb, şaxtadan meyvə bağlarını qorumağın üsullarından danışıb: “Fermerlərə küləyin əsdiyi istiqamətdə yaş ot və s. yandırıb ağacları müəyyən qədər isti tüstüyə verməyi məsləhət görürük. Bu, tam həll yolu olmasa da, ağacları, onun tumurcuqlarını soyuqdan müəyyən qədər qoruya bilir. Həmçinin qar yağan ərazilərdə tumurcuqlamağa hazırlaşan ağacların dibinə qar yığmağı məsləhət görürük ki, bitkinin oyanmasını mümkün qədər gecikdirsin”.
Həmçinin mütəxəssis deyib ki, bir çox bölgələrdə qarın yağması torpaqda tələb olunan rütubət səviyyəsini artırmaqla, payızda səpilmiş taxıl bitkilərinə, çoxillik meyvə-giləmeyvə bitkilərinə çox müsbət təsir göstərəcək.