Murat Kurum: Bakıdakı COP29-da 2035-ci ilədək iqlim maliyyələşməsinin 300 milyard dollara çatdırılması müəyyənləşdirilib VİDEO
İstanbul, 4 sentyabr, AZƏRTAC
Azərbaycanın ev sahibliyi ilə Bakıda keçirilən COP29-da 2035-ci ilə qədər iqlim maliyyələşməsinin 300 milyard dollara çatdırılması istiqamətində hədəf müəyyənləşdirilib. Daha geniş çərçivədə isə ildə 1,3 trilyon dollarlıq maliyyə resursunun səfərbər edilməsi nəzərdə tutulur. Burada əsas məsələ həmin resursların investisiyaya ehtiyacı olan ölkələrə və layihələrə vaxtında çatmasıdır. Bu, çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri COP31 Sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum İstanbulda beynəlxalq media nümayəndələri ilə görüşündə deyib.
“Keçmişdə 100 milyard dollarlıq iqlim maliyyələşməsi hədəfi ilə bağlı yaşanan gecikmələr bizə mühüm təcrübə qazandırdı. Təcrübə göstərdi ki, bu, maliyyələşmədə elan edilmiş məbləğin və maliyyə resursunun vaxtında, proqnozlaşdırılan şəkildə və dəyişdirilmədən real layihələrə çatdırılması ilə mümkündür. Lakin bunun qarşısında başqa bir problem də var. Bir tərəfdə kapital, digər tərəfdə isə çox böyük investisiya ehtiyacı mövcuddur. Yəni məsələ yalnız maliyyə resursunun mövcudluğu deyil. Əsas məsələ bu resursların düzgün layihələrlə əlaqələndirilməsi, investisiya mühitinin gücləndirilməsi və maliyyələşmənin ehtiyac olan ölkələrə çatdırılmasıdır. Ona görə də bizim burada etməli olduğumuz kapital ilə investisiya ehtiyacı arasındakı bu boşluğu aradan qaldıracaq mexanizmləri birlikdə inkişaf etdirməkdir”,- deyə nazir bildirib.
O qeyd edib ki, məqsəd dövlət resurslarını, özəl sektor investisiyalarını və beynəlxalq maliyyəni eyni yanaşma ətrafında bir araya gətirməkdir: Çünki yalnız bu yolla iqlim hədəflərini real investisiyalara, real investisiyaları isə insanların həyatında konkret nəticələrə çevirə bilərik”.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev də iştirak edir.