İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO
Bakı, 29 sentyabr, AZƏRTAC
Monteneqro Azərbaycanla bir çox istiqamətdə, o cümlədən turizm və investisiya sahələrində əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Bu barədə AZƏRTAC-a müsahibəsində Monteneqro İnvestisiya Agentliyinin direktoru Miryana Koyiç bildirib.
O əlavə edib: “Biz Monteneqro İnvestisiya Agentliyini təmsil edirik və AZPROMO-nun birbaşa dəvəti ilə İnvestisiya Forumunun qonağı kimi burada olmaqdan çox məmnunuq. Monteneqro turizm sektoruna Azərbaycanın əhəmiyyətli investisiyalar yatırdığı ölkələrdən biridir və aramızda çox yaxşı münasibətlər var”.
Koyiçin sözlərinə görə, tərəflər yeni investisiya layihələri üçün imkanları araşdırır və əməkdaşlığı genişləndirirlər.
“Biz burada yeni investisiya imkanlarını müzakirə etmək, ortaq məxrəcləri müəyyənləşdirmək və yeni layihələrə başlamaq üçün toplaşmışıq”, - deyə o bildirib.
Monteneqro İnvestisiya Agentliyinin rəhbəri əməkdaşlıq imkanlarının yalnız turizm sektoru ilə məhdudlaşmadığını vurğulayıb.
“Monteneqro əhalisi 1 milyondan az olan kiçik ölkədir. Lakin həm sahildə, həm də dağlıq bölgələrdə böyük potensialımız var. Bəlkə də indi ölkənin şimalında real investisiya imkanlarını müzakirə edə bilərik”, - deyə Miryana Koyiç bildirib.
O, həmçinin Monteneqronun Azərbaycanın sənaye zonalarının idarəedilməsi təcrübəsini öyrənməkdə maraqlı olduğunu qeyd edib.
“Sənaye zonalarında qazandığınız təcrübə haqqında daha çox məlumat əldə etməliyik. Sənaye zonalarının idarəçiliyində çox yaxşı təcrübəniz var və biz bunu öyrənmək istəyirik”, - deyə Miryana Koyiç əlavə edib.