Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO
Bakı, 30 sentyabr, AZƏRTAC
Bakı Ekspo Mərkəzində keçirilən “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində “Bayraktar Teknoloji Azərbaycan” MMC (BTA) şirkətində çalışan azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim edilir.
AZƏRTAC xəbər verir ki, 2022-ci ildə təsis edilmiş BTA şirkətinin ilk platforması olan "KASIRGA" dolanan sursatının azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanması xüsusi önəm daşıyır.
Şaquli qalxma-enmə qabiliyyətinə malik olan "KASIRGA" heç bir uçuş-enmə zolağına ehtiyac olmadan müxtəlif relyef şəraitində və ya təkərli nəqliyyat vasitələri üzərindən avtonom şəkildə qalxma və enmə həyata keçirə bilir.
Platforma havada asılı qalma və üfüqi uçuş mərhələlərində 4 elektrik mühərrikindən istifadə edir və həm kamikadze (dolanan sursat), həm də kəşfiyyat-müşahidə əməliyyatlarında fəaliyyət göstərə bilir.
Kəşfiyyat əməliyyatları zamanı bazaya qayıtma funksiyasına malik olan platformanın maksimal qalxma kütləsi 33, faydalı yük qaldırma qabiliyyəti isə 6 kiloqram təşkil edir.
5 kiloqramlıq döyüş başlığı və süni intellekt dəstəkli elektro-optik (EO) kamera sistemi ilə təchiz olunan “KASIRGA” yüksək dəqiqliklə nişanalma imkanına malikdir. 80 kilometrdən artıq rabitə məsafəsinə malik olan platforma "Bayraktar TB2", "Bayraktar TB3" və ya "AKINCI" PUA-ları üzərindən rabitə retranslyatoru imkanından istifadə etməklə əməliyyatlar həyata keçirə bilir.
Antijamming (siqnal maneələrinə qarşı dayanıqlılıq), vizual mövqeləndirmə və sensor məlumatlarının sintezi əsasında işləyən avtonom uçuş sistemləri ilə təchiz olunan “KASIRGA” kamikadze tapşırıqlarında 60, kəşfiyyat fəaliyyətlərində isə 90 kilometr radiusunda əməliyyatları icraetmə qabiliyyətinə malikdir.