Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
İçərişəhərdə yeni poçt şöbəsinin fəaliyyətə başlaması tarixi məkanın sakinləri üçün yeni xidmət imkanları yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud səsləndirib.
O bildirib ki, poçt hər zaman dünyanın müxtəlif yerlərində insanları birləşdirən mühüm vasitə olub: “Məktublar xoş xəbərlər gətirib, insanların duyğularını bölüşməsinə imkan verib. Bu gün texnologiyalar inkişaf edir, lakin poçtun mahiyyəti dəyişməyib”.
Rüfət Mahmudun sözlərinə görə, İçərişəhərdə yeni poçt şöbəsinin açılması məkanın tarixi və ticarət ənənələri baxımından xüsusi əhəmiyyət daşıyır: “Biz poçt şöbəsini məhz bu tarixi məkanda, Bakı Qalasının qoşa qapılarının qarşısında açdıq. Bakı həmişə ticarət şəhəri olub və insanlar bu qapılardan təkcə mal və əşyalar deyil, dünyanın müxtəlif yerlərindən məlumatlar da gətiriblər. Bu yerdə poçt şöbəsinin açılması bizim üçün xüsusi əhəmiyyət daşıyır”.
O vurğulayıb: “İçərişəhər sadəcə açıq səma altında muzey deyil. Bura insanların yaşadığı canlı şəhərdir. Burada poçt şöbəsinin fəaliyyətə başlaması sakinlər üçün yeni xidmətlər deməkdir. Məqsədimiz şəhəri canlı saxlamaqdır”.
R.Mahmud yeni poçt şöbəsinin yalnız sakinlər üçün deyil, İçərişəhərə gələn turistlər üçün də maraqlı məkana çevriləcəyinə ümidvar olduğunu bildirib.