Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
Qədimdən bu günə gəlib çatan laylalar analarımızın beşik başında övladlarına olan sevgisini, məhəbbətini və doğmalığını ifadə edən ən qiymətli mənəvi irslərimizdəndir. Bu layihə həmin zəngin irsi yaşatmaqla yanaşı, onu gələcək nəsillərə çatdırmaq baxımından da böyük əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xalq artisti Gülyaz Məmmədova deyib.
O bildirib ki, “Laylay” klipinin çəkilişləri Şəkidə aparılıb. Orada insan özünü sanki keçmişdə, milli yaddaşımızın və qədim adət-ənənələrimizin içində hiss edir. “Laylay” klipində milli irsimizi əks etdirən geyimlər, xüsusilə kəlağayılar, eləcə də digər milli atributlar diqqət çəkir. Burada hər bir detalın özünəməxsus mənası var və milli-mənəvi dəyərlərimizin təbliğinə xidmət edir.
Xalq artisti qeyd edib ki, layihənin əsas məqsədlərindən biri qədimdən bu günə qədər qorunub saxlanılan laylaları yaşatmaq, onların bədii və musiqi dəyərini gələcək nəsillərə ötürməkdir.