REGİONLAR
47 saylı Sumqayıt–Abşeron-Qaradağ seçki dairə komissiyasında da treninqlərə start verilib
Sumqayıt, 12 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar 47 saylı Sumqayıt–Abşeron-Qaradağ seçki dairəsində avqustun 12-də məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlərə start verilib. Üç gün davam edəcək təlimlər seçki komissiyaları üzvlərinin məlumatlılığını və peşəkarlığını artırmaq məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, gündə iki sessiya olaraq keçirilən üçgünlük treninqlərdə 41 məntəqədən 246 nəfərin iştirakı nəzərdə tutulub.
Təlimlər zamanı MSK tərəfindən hazırlanmış slaydlardan və əyani vəsaitlərdən istifadə edilərək iştirakçılara səsvermə günü məntəqənin açılmasından başlayaraq sonadək zəruri prosedur qaydalar haqqında müfəssəl məlumat verilir. Eyni zamanda, səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə otağının təşkili qaydası, seçki günü müşahidəçilərin hüquqları, hansı halda seçicinin səsvermə hüququndan istifadə edə bilməyəcəyi, səslərin hesablanması və sair məlumatlar da diqqətə çatdırılır.
Sonda iştirakçılara mövzu ilə bağlı yaddaş kitabçası təqdim edilir.