MƏDƏNİYYƏT
Sergey Çetkoviç: “Baku Crystal Hall”un səhnəsində Azərbaycanın ev sahibliyi etdiyi möhtəşəm şounu tamaşaçı qismində izlədiyimə görə xoşbəxtəm VİDEO
Kopenhagen, 9 may (AZƏRTAC). “Baku Crystal Hall”un səhnəsində Azərbaycanın ev sahibliyi etdiyi möhtəşəm şounu tamaşaçı qismində izlədiyimə görə xoşbəxtəm. Ölkənizdə gördüyüm gözəllik və səmimi münasibəti heç vaxt unutmaram. Oraları yenidən görmək istərdim. Çünki Azərbaycan günəşli və füsunkar təbiəti olan bir ölkədir. Bakı, mən səni sevirəm!
Bu sözləri Monteneqronu “Eurovision-2014” mahnı müsabiqəsində təmsil edən Sergey Çetkoviç AZƏRTAC-ın müxbirinə müsahibəsində demişdir.
“Baku Crystal Hall”u indiyədək gördüyü ən gözəl bir kompleks kimi qiymətləndirən Sergey Çetkoviç, qısa müddətdə belə bir arenaya yalnız yüksək təşkilatçılıq sayəsində nail olmağın mümkünlüyünü vurğulamışdır.
İlk dəfə beş yaşında səhnəyə çıxdığını deyən Monteneqro təmsilçisi Avropanın əksər səhnələrində mahnılar səsləndirdiyini bildirmişdir. Vurğulamışdır ki, “Baku Crystal Hall” Avropanın ən gözəl səhnələri ilə müqayisə olunacaq bir səviyyədədir. O, “Eurovision-2014” mahnı müsabiqəsində iştirakından məmnun olduğunu bildirərək demişdir: “Əminliklə deyə bilərəm ki, Azərbaycan müsabiqə tarixində ən mükəmməl təşkilatçılıq həyata keçirmişdir. Finalda təqdim edəcəyim performansımdan razıyam. Performansımla Avropanı düşündürməyə çalışacağam”.
Azərbaycanı çox sevdiyini deyən Monteneqro təmsilçisi Bakının Xəzər dənizinin sahilində yerləşməsinin paytaxtımıza əsrarəngiz bir gözəllik bəxş etdiyini, paytaxtımızın Avropa ilə Asiya arasında körpü olduğunu, şəhərimizin Şərq və Qərb ornamentlərini özündə əks etdirdiyini diqqətə çatdırmışdır.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Kopenhagen