REGİONLAR
67 saylı Sabirabad seçki dairəsi üzrə treninqlər davam edir
Sabirabad, 15 avqust, Aydın Yavərzadə, AZƏRTAC
67 saylı Sabirabad seçki dairəsi üzrə aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir. Avqustun 12-dən başlayan treninq sessiyaları avqustun 16-dək davam edəcək.
Dairə seçki komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, treninqlərə dairənin tərkibinə daxil olan 49 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri cəlb edilməklə Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış xüsusi proqram əsasında aparılır. Tədris edilən məşğələlər zamanı iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə günü prosedurları, səslərin hesablanması, səsvermənin nəticələri haqqında protokolun doldurulması, həmçinin digər məsələlər barədə metodiki məlumat və tövsiyələr verilir, komissiya üzvlərinin sualları cavablandırılır.
Hər bir iştirakçıya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan “Seçki günü üçün yaddaş” kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri metodiki vəsaitlər, əyani materiallar təqdim olunur.
Qeyd edək ki, sözügedən dairə üzrə 49 seçki məntəqəsində ümumilikdə 53 min 901 seçici qeydə alınıb. Dairə üzrə 9 namizəd mübarizə aparır ki, onlardan ikisi siyasi partiyalar tərəfindən, 7 namizəd isə öz təşəbbüsü ilə müraciət edib. Bu günə qədər siyasi partiya, qeyri-hökumət təşkilatı və öz təşəbbüsü ilə müraciət edən 392 nəfər müşahidəçi qeydə alınıb.