MƏDƏNİYYƏT
Respublikada yaradılmış ilk piknik zonasına gələn turistlərin sayı artmaqdadır
Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycanda turizm sektorunun inkişafı üçün atılan addımlar, dövlət dəstəyi, bu sahədə fəaliyyət göstərən iş adamlarını yeni ideyalar və yeniliklər tətbiq etməyə həvəsləndirib. Nəticədə ölkə vətəndaşlarına daha sərfəli və innovativ xidmətlər təklif edilir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yeni yay turizm mövsümündən etibarən Bakı yaxınlığında - Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisində ölkədə ilk dəfə olaraq piknik zonası işə düşüb. “Qobulənd” istirahət mərkəzinin ərazisində fəaliyyət göstərən istirahət zonası ailəvi və qrup formasında istirahəti sevənlər üçün nəzərdə tutulub.
İstirahət mərkəzinin ərazisində vətəndaşların öz istirahətlərini mənalı və yaddaqalan keçirməsi üçün bütün şərait yaradılıb. Burada otel, restoran, uşaq əyləncə meydançaları, göl, balıq tutmaq üçün şərait var. İstirahət zonasının fərqli xüsusiyyəti burada piknik zonasının yaradılmasıdır. Belə ki, mərkəzin qonaqları restoranın xidmətlərindən istifadə etmədən ərazidə öz məhsullarını bişirə və lazımi ləvazimatları icarəyə götürməklə otura bilər.
Bundan əlavə piknik zonasında müxtəlif əyləncə növlərindən istifadə etmək olar. Burada göldə katamaran, ərazidə velosiped sürmək, kartinq, qolf və elektrik avtomobilləri ilə gəzinti mümkündür. Piknik zonasındakı şeytan çarxı attraksionu, voleybol meydançası və tennis, bilyard stolları da turistlərin ixtiyarındadır.