MƏDƏNİYYƏT
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsa Muğannanın romanlarının yenilənmiş nəşrlərinin təqdimatı keçirilmişdir
Bakı, 18 may (AZƏRTAC). Mayın 18-də Azərbaycanda Atatürk Mərkəzində XX əsr ədəbiyyatımızın görkəmli nümayəndəsi İsa Muğannanın (Hüseynov) 85 illik yubileyi münasibətilə “Hədəf” nəşrləri tərəfindən çap olunmuş romanların yenilənmiş nəşrlərinin təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi Nizami Cəfərov İsa Muğannanın ədəbiyyatımıza verdiyi dəyərli töhfələrdən geniş söz açmışdır.
Bildirilmişdir ki, müasir Azərbaycan ədəbiyyatının klassiklərindən sayılan, bir-birindən maraqlı və dərin əsərlər müəllifi, “İdeal” kimi nəhəng tarixi-fəlsəfi romanı ilə oxucuları cəlb edən İsa Hüseynov dünən olduğu kimi, bu gün də yazıb yaratmaqdadır.
Vurğulanmışdır ki, “Hədəf” nəşrləri tərəfindən ədibin 6 romanı – “İdeal”, “Məşhər”, “İsahəq, Musahəq”, “Qəbiristan”, “GurÜn” və “Cəhənnəm” əsərləri son əlavələrlə, yeni çap üslubunda nəşr edilərək oxuculara təqdim olunmuşdur.
Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadıqın redaktorluğu ilə yenidən nəşr olunan bu kitablar yazıçının yubileyi ilə yanaşı, ədəbiyyatımızın təbliğinə dəyərli töhfə kimi qiymətləndirilmişdir.
Qeyd edilmişdir ki, bu əsərlərin çapa hazırlanması və redaktəsi yazıçının razılığı ilə baş tutmuşdur. Kitabların naşiri Müşfiq Xan, qrafik dizayneri isə Teymur Fərzəlidir.
Diqqətə çatdırılmışdır ki, İsa Muğannanın əsərlərinin çap və yayım missiyasını öz üzərinə götürən “Hədəf” nəşrləri yaxın vaxtlarda müəllifin digər əsərlərini də oxuculara təqdim edəcəkdir. Bu siyahıya yazıçının hələ işıq üzü görməyən “Həyatımızdan səhifələr”, “Qırx kisə qızıl”, “Söz yarası”, “İlan dərəsi və ya peyğəmbərin taleyi” əsərləri daxildir.
“İdeal” silsiləsindən olan bu kitablar yazıçı İsa Muğannanın iştirakı ilə oxuculara təqdim edilmişdir.
Tədbirdə “Hədəf” nəşrlərinin gördüyü işi əks etdirən videoçarx nümayiş etdirilmişdir.