Bakı Dövlət Universitetinin tələbələrinə Vürsburq Universitetinin hüquq diplomu təqdim edilib
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 5-də Bakı Dövlət Universitetində (BDU) Almaniyanın Vürsburq Universiteti ilə imzalanmış memoranduma əsasən Avropa hüququ magistr proqramının növbəti məzunlarına ikili diplom təqdim olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri açan BDU-nun rektoru Elçin Babayev rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə Almaniyanın Vürsburq Universiteti arasında Avropa hüququ magistr proqramının hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə danışıb. O bildirib ki, 2012-ci ilin sentyabrından etibarən Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Avropa hüququ ixtisası üzrə magistratura proqramı fəaliyyət göstərir. Burada tədris ingilis və alman dillərində aparılır. Alman tərəfi bu proqramda iştirak edən tələbələr üçün intensiv dil kursları və Almaniyada təcrübə təşkil edir, həmin ölkənin professorları BDU-da mühazirə oxuyurlar.
Rektor Almaniyanın Vürsburq Universiteti ilə əməkdaşlığın uğurla davam etdirildiyini, bu günə qədər Avropa hüququ sahəsində 50 məzuna ikili diplom təqdim olunduğunu qeyd edib.
Rektor Elçin Babayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə elm və təhsil sahəsində əldə olunan nailiyyətləri qeyd edərək Bolonya prosesi çərçivəsində ali təhsil sahəsində aparılan islahatlar, həyata keçirilən ikili diplom proqramlarının əhəmiyyəti barədə məlumat verib. O vurğulayıb ki, son dövrlərdə ölkədə təhsilin inkişafına, bu sahədə beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib. Proqram ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislər yetişdirilməsini, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsini əsas hədəf kimi götürüb. Bakı Dövlət Universiteti də təhsil sahəsində aparılan islahatlardan geri qalmır, ikili diplom proqramları ilə kifayətlənmir. Elmi tədqiqatların aparılması, müştərək konfransların, seminarların keçirilməsi istiqamətində uğurlu beynəlxalq əməkdaşlıqlar qurub.
Rektor Vürsburq Universitetinin digər fakültələri ilə də əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Bakı Dövlət Universitetinin, eyni zamanda, Almaniyanın Halle-Vittenberq Universiteti ilə hüquq üzrə fəlsəfə doktoru pilləsi istiqamətində kadr hazırlığına toxunan rektor, bu günlərdə Fransanın Lion-2 Universiteti ilə əqli mülkiyyət hüququ sahəsində ikili diplom proqramının reallaşacağını, gələcəkdə ikili diplom proqramlarının bütün ixtisasları əhatə edəcəyinə əminliyini bildirib.
Vürsburq Universitetinin Hüquq fakültəsinin dekanı, professor Ekard Paxe proqramın məzunların karyera inkişafında böyük addım olduğunu bildirib. O, ikili diplom proqramının gələcəkdə hüquqla yanaşı digər sahələrdə də tətbiq ediləcəyi istiqamətində işlər aparıldığını, əməkdaşlığın birgə tədqiqatlar, konfranslar, eləcə də elmə bağlı digər layihələri əhatə edəcəyinə inandığını vurğulayıb.
BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev proqramın reallaşmasında xidməti olan professor-müəllim heyətinə təşəkkür edərək bu istiqamətdəki planlardan bəhs edib.
Tədbir 15 məzuna diplomların təqdim edilməsi ilə başa çatıb.