MƏDƏNİYYƏT


Bakıda “İordaniya uşaqların gözü ilə” adlı rəsm sərgisi açılıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 23-də “Caspian Plaza”da İordaniya dövlətinin yaradılmasının 100 illiyi münasibətilə azyaşlı rəssamların “İordaniya uşaqların gözü ilə” adlı rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşəbbüsü və İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirliyinin əməkdaşlığı çərçivəsində təşkil olunub.

İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Abdullah Ğoşeh İordaniya-Azərbaycan münasibətlərinə toxunaraq bu qardaşlığın əsasının Azərbaycan Prezidenti İlham Əliyev və İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn tərəfindən qoyulduğunu söyləyib. O, belə tədbirlərin ikitərəfli münasibətlərin inkişafına müsbət təsir edəcəyini bildirib.

“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzin direktoru İslam Baxşəliyev təmsil etdiyi mərkəzin gördüyü işlərdən və sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, rəhbərlik etdiyi mərkəz 2010-cu ildən etibarən həm ölkə daxilində, həm də xarici ölkələrdə mədəniyyətlərarası dialoqun daha da genişlənməsi üçün yeniyetmə və gənc rəssamların əsərlərindən ibarət sərgilər təşkil edir. Bu vaxta qədər mərkəz tərəfindən Sofiya, Brüssel, Vena, Paris, London, Roma, Bern və digər şəhərlərdə sərgilər açılıb. Bu sərgilərdə ümumilikdə 345 rəssam iştirak edib və onların 1700-dən çox rəsm əsəri sərgilənib. Budəfəki sərgi də İordaniya ilə Azərbaycan arasında mədəni sahədə əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edir.

Tədbirdə Xalq rəssamı Arif Hüseynov balaca həmkarlarını təbrik edərək onları təsviri sənətin gələcəyi adlandırıb. Qeyd edib ki, sərgi uzun illər uşaqların xatirəsindən silinməyəcək.

Azərbaycanda ilk dəfə təşkil olunan İordaniyaya həsr olunmuş sərgidə 50-dən çox fırça ustasının əsəri nümayiş olunub.

Sonda sərgiyə qatılan balaca fırça ustalarına sertifikatlar təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.