QAN YADDAŞI


“TV Berlin” kanalında Xocalı soyqırımından bəhs edən müsahibə yayımlanıb VİDEO

Berlin, 27 fevral, AZƏRTAC

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov “TV Berlin” televiziya kanalına müsahibəsində Xocalı soyqırımının tarixçəsi və təfərrüatları barədə məlumat verib. Səfir bildirib ki, 29 il bundan öncə, fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xocalıya hücum edərək şəhəri yerlə-yeksan edib və hücum nəticəsində 613 azərbaycanlı mülki şəxs amansızcasına qətlə yetirilib. O vurğulayıb ki, gələcəkdə bu kimi qorxunc faciələrin bir daha təkrarlanmaması üçün Xocalı soyqırımına hüquqi qiymət verilməli, bu hadisəni törədənlər layiqli cəzasını almalıdırlar. Səfir, eyni zamanda, Xocalı soyqırımı ilə bağlı Almaniyada təşkil olunan tədbirlərdən, bu hadisəyə həsr olunan “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” adlı ənənəvi simpoziumdan danışıb.

Ramin Həsənov, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin tarixçəsindən, ötən illər ərzində işğal altında olan ərazilərimizin ermənilər tərəfindən tamamilə dağıdılmasından, ATƏT-in Minsk qrupu çərçivəsində uzun müddət aparılan danışıqların uğursuz olmasından, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatların davamlı sülh və regionun perspektiv inkişafı üçün əhəmiyyətindən bəhs edib. O, əldə edilmiş razılaşmaların tam reallaşdırılması məqsədilə beynəlxalq ictimaiyyətdən və Almaniyadan gözləntiləri səsləndirib.

“TV Berlin” televiziya kanalı sözügedən müsahibə əsasında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş 13 dəqiqəlik reportaj hazırlayıb. Reportajda, həmçinin “Müharibə uşaqları” adlı sənədli filmdən hissələr nümayiş olunub.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.