® “Azpetrol” “Babək” YDM-də CNG-nin satışına başlayıb
Bu gündən etibarən “Azpetrol” şirkətinin “Babək” yanacaqdoldurma məntəqəsində (YDM) sıxılmış təbii qazın (CNG) satışına başlanılıb. Müştərilərin nəzərinə çatdırırıq ki, CNG mühərrik yanacağının qiyməti bir kubmetr üçün 0,45 manat təşkil edir, bu da təqribən bir litr benzin ekvivalentidir.
Qeyd edək ki, CNG mühərrik yanacağı “Avro-6” ekoloji standartının tələblərinə tam cavab verir.
Onu da xatırladaq ki, yanacaq çənində qaz tükəndiyi halda, sürücü dayanmağa ehtiyac duymadan avtomobili sürməyə davam edə bilər, çünki nəqliyyat vasitəsi avtomatik olaraq benzinə keçir.
Sürücülər avtomobillərini sırf qazla, yəni başqa yanacaq çəninə keçmədən də sürə bilərlər. Buna baxmayaraq, mühərriki aşağı dərəcələrdə işə salanda, benzin çənində mütləq minimal ölçüdə yanacaq olmalıdır.
CNG avtomobillər üçün ən təhlükəsiz və ətraf mühit standartlarına cavab verən yanacaq növüdür.
Onu da qeyd edək ki, karbon emissiyası CNG-də benzindən təxminən 25 faiz azdır. CNG tam yanandan sonra yalnız karbon dioksid və su buxarı qalır.
“Azpetrol” şirkəti yaxın gələcəkdə “Mayak”, “Masazır” və “Mərdəkan” YDM-lərində də CNG-nin satışına başlayacaq.