® DGK-nın Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Dövlət Bayrağı Muzeyini ziyarət edib
İyunun 25-də Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin rəis müavinləri – tibb üzrə fəlsəfə doktoru İsmayıl Əfəndiyev, Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev və əməkdaşlar 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Dövlət Bayrağı Muzeyini ziyarət edərək, Bayrağımız və hərbi tariximizə dair eksponatlarla tanış olublar.
Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti muzeyin “Zəfər qalereyası” adlı xüsusi zalını diqqətlə izləyərək, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaəti, qəhrəmanlığı və qazandığı tarixi Qələbəni əks etdirən ekspozisiyalara tamaşa ediblər. Zəfər ruhunu əks etdirən bu bölmədə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən mübarizənin hər mərhələsi sənədli materiallar, fotoşəkillər və tarixi eksponatlar vasitəsilə geniş təqdim olunur.
Qalereyada Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə Dövlət Bayrağının ucaldılması anlarını və Xankəndi şəhərində Vətən müharibəsindəki Qələbənin üçüncü ildönümünə həsr olunmuş hərbi paradın fotolarını əks etdirən ekspozisiyalar xüsusi maraq doğurub. Burada, həmçinin Ümummilli Lider Heydər Əliyevə həsr olunan xatirə medalları və poçt markaları, dövlətimizin ali orden və medalları, Vətən müharibəsinə həsr olunmuş mükafatlar və dünyanın ən uca zirvələrində qürurla dalğalanan Azərbaycanın Dövlət Bayrağı da nümayiş etdirilir.
Muzeyin bələdçisi nümayəndə heyətinə Dövlət Bayrağı Muzeyinin yaranma tarixi, fəaliyyəti və burada sərgilənən eksponatlarla bağlı ətraflı məlumat verib.
Ziyarət proqramı çərçivəsində Dövlət Bayrağı Muzeyinin kino zalında “Azərbaycan Ordusu – güc və qürur mənbəyimiz” adlı sənədli film nümayişi olunub. Filmdə müasir Azərbaycan Ordusunun keçdiyi inkişaf yolu, Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələri və torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə əsgər və zabitlərin fədakarlığı milli qürur mənbəyi kimi təqdim edilib.