"Dostluğun sehri" V beynəlxalq onlayn uşaq rəsm müsabiqəsi yekunlaşıb
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 19-da Elm və Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Nağıllar" mövzusunda "Dostluğun sehri" adlı V beynəlxalq onlayn uşaq rəsm müsabiqəsinin yekun tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, müsabiqəyə Azərbaycanla yanaşı, Türkiyə, Çin, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Türkmənistan və Belarusun 108 məktəb, müəssisə və təşkilatından 1459 rəsm işi təqdim olunub. 6-17 yaşlı uşaqlar çəkdikləri bir-birindən maraqlı, rəngarəng rəsmlərdə nağıl mövzusunu əks etdiriblər.
Müsabiqə 2 mərhələdə - seçim turu və qaliblərin müəyyənləşdirilməsi üzrə keçirilib. Peşəkar rəssam və mütəxəssislərdən təşkil olunan münsiflər heyəti tərəfindən 150 rəsm işi seçilib. Bunlardan 29 iş birinci, 28 iş ikinci, 28 iş isə üçüncü yerə layiq görülüb. Digər 65 iştirakçıya isə fəal iştiraklarına görə diplomlar verilib.
Müsabiqədə qalib seçilən rəsm işlərinin sərgisi və təltifetmə mərasimi keçirilib.
Mərasimdə mərkəzin bədii kollektivlərinin çıxışları yer alıb.