ABADA “Hər sürücü bir qəhrəmandır” devizi altında bölgələrdə görüşləri davam etdirir
Bakı, 22 avqust, AZƏRTAC
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) “Hər sürücü bir qəhrəmandır” devizi altında bölgələrdə görüşləri davam etdirir. Tədbirlər planına uyğun olaraq ABADA-nın rəhbərliyi və İdarə Heyətinin üzvləri ölkənin Şimal bölgəsi üzrə beynəlxalq avtomobil daşımaları fəaliyyəti ilə məşğul olan avtodaşıyıcılarla görüşüb.
Bu barədə ABADA-dan AZƏRTAC-a məlumat verilib.
Bildirilib ki, görüşdə 20-dən artıq şirkətin nümayəndəsi və sürücü iştirak edib. Məqsəd avtodaşıyıcıların fəaliyyətləri ilə bağlı rastlaşdıqları problemlər, beynəlxalq avtomobil daşımaları sahəsində yeni qəbul olunan normativ-hüquqi sənədlər barədə maarifləndirmək, sürücülərin peşə hazırlığı sahəsində görülən işlər, yeni iş yerlərinin açılması istiqamətləri və digər aktual məsələləri müzakirə etmək olub.
ABADA-nın Baş katibi Kənan Qurbanov assosiasiyanın 6 ay ərzində həyata keçirdiyi tədbirlər, yeni layihələr və görülən işlər barədə hesabatla çıxış edib.
Görüşdə daşıyıcıları maraqlandıran məsələlərə aydınlıq gətirilib, verilən suallar cavablandırılıb. Peşəyə marağın artırılması üçün mütəxəssis rəyləri dinlənilib.
Yekunda beynəlxalq daşımalar sahəsində fərqlənən sürücülər mükafatlandırılıb.