ABŞ-IN DÜNYA TİCARƏT TƏŞKİLATI YANINDA SƏFİRİ AZƏRBAYCAN GÖMRÜKÇÜLƏRİNİN FƏALİYYƏTİNİ YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR
Ölkəmizin iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər barədə qonağa ətraflı məlumat verən Aydın Əliyev, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan islahatları bu gün Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırmış, bildirmişdir ki, respublikamızın iqtisadiyyatı yaxın perspektivdə daha böyük müvəffəqqiyyətlərə nail olacaqdır.
Azərbaycan iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi və dünya iqtisadiyyatına inteqrasiyası baxımından ölkənin DTT-yə üzv olmasının mühüm əhəmiyyət daşıdığını vurğulayan komitə sədri, bu məsələdə ABŞ tərəfindən göstərilən dəstəkdən məmnun olduğunu bildirmişdir. A.Əliyev eyni zamanda Azərbaycanın DTT-yə üzv qəbul edilməsi prosesində gömrük xidmətinə göstərilən diqqəti də yüksək qiymətləndirərək, bu prosesdə Dövlət Gömrük Komitəsinin üzərinə xüsusilə mühüm vəzifələrin düşdüyünü nəzərə çatdırmışdır.
DGK sədri Aydın Əliyev demişdir ki, Azərbaycanın DTT-yə üzvolma prosesi 1997-ci ildən başlayıb. Bu məqsədlə əvvəlcə işçi qrupu, daha sonra əlaqələndirmə şurası yaradılmış və digər aidiyyəti qurumlarla birlikdə Dövlət Gömrük Komitəsi də burada təmsil olunmuşdur. Azərbaycanın DTT-yə üzv qəbul edilməsi ilə əlaqədar gömrük xidmətinin qarşısında duran vəzifələrin üç istiqamətdə yerinə yetirildiyini diqqətə çatdıran Aydın Əliyev qeyd etmişdir ki, ilk növbədə gömrük-vergi siyasətinin dünya təcrübəsinə uyğunlaşdırılması, pirat və kontrafakt mallara qarşı mübarizənin gücləndirilməsi, nəhayət, idxal və ixrac olunan malların keyfiyyətinə nəzarətin tam təmin olunması sahəsində iş aparılır.
Aydın Əliyev onu da nəzərə çatdırmışdır ki, DTT-yə üzvolma ərəfəsində ən aktual məsələ gömrük tariflərinin yenidən müəyyənləşdirilməsidir. Belə ki, DTT-nin üzvü olan bəzi ölkələr Azərbaycanla idxal-ixrac əməliyyatları zamanı məhsullara daha əlverişli gömrük rüsumlarının tətbiq olunması, hətta bəzi məhsullara bu tariflərin “sıfır” həddində müəyyənləşdirilməsi təklifləri ilə çıxış edirlər. A.Əliyev demişdir: “Təbii ki, hər bir xarici tərəfdaş daha çox mal ixrac etməkdə maraqlıdır, lakin Azərbaycan tərəfi də belə məsələlərə öz dövlət mənafeyindən və çox həssaslıqla yanaşır”. Komitə sədri bildirmişdir ki, Azərbaycanda gömrük rüsumlarının artırılması nəzərdə tutulmur və ümumiyyətlə, DTT-yə üzvolma ilə əlaqədar bu məsələdə ölkənin gömrük xidməti tarazlaşdırıcı mövqedən çıxış edir.
Daha sonra kontrafakt mallara qarşı mübarizə tədbirlərindən söhbət açan Aydın Əliyev vurğulamışdır ki, Dövlət Gömrük Komitəsi bu məsələdə qanunvericilik aktlarına dəyişiklik edilməsi təşəbbüsü ilə çıxış etmiş, Gömrük Məcəlləsinə müvafiq fəsil əlavə edildikdən sonra, həmin işin tətbiqi mexanizmi barədə normativ sənədlər hazırlanmışdır.
DGK sədri Aydın Əliyev bildirmişdir ki, idxal olunan malların keyfiyyətinə nəzarət məqsədi ilə Bakıda mərkəzi laboratoriya yaradılmışdır. Daha bir laboratoriya xüsusi olaraq kimyəvi malların keyfiyyətinə nəzarət məqsədi ilə Sumqayıt şəhərində təşkil olunmuşdur. Komitə sədri bildirmişdir ki, yaxın perspektivdə əlvan metalların keyfiyyətinə nəzarət məqsədi ilə Gəncə şəhərində, idxal olunan yeyinti məhsullarının keyfiyyətini müəyyənləşdirmək üçün isə Biləsuvarda da belə laboratoriyaların təşkili planlaşdırılmışdır. Bu laboratoriyaların beynəlxalq standartlar əsasında yaradıldığını nəzərə çatdıran Aydın Əliyev qeyd etmişdir ki, məqsəd ölkəyə gətirilən malların keyfiyyətinə zəmanət verməkdir. DGK sədri demişdir ki, 2007-ci il fevralın 8-9-da Bakıda saxta dərmanların dövriyyəsi ilə bağlı beynəlxalq konfrans keçiriləcək və bu konfransda ABŞ Gömrük Xidməti rəhəbrliyinin də iştirak etməsi məqsədəuyğun olardı.
ABŞ–ın Dünya Ticarət Təşkilatı yanında səfiri Peter Allgeier ətraflı məlumata görə təşəkkürünü bildirərək, Azərbaycan gömrük xidmətinin öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsindən məmnun olduğunu bildirmişdir. Qonaq əminliklə qeyd etmişdir ki, bütün bu səylər öz müsbət nəticələrini verəcək və bu işdə ABŞ tərəfi də öz köməyini göstərməyə daim hazırdır.
Gömrük rüsumlarının artırılmaması barədə Azərbaycanın mövqeyini müsbət qarşıladığını nəzərə çatdıran Peter Allgeier eyni zamanda Azərbaycan gömrük xidmətinin saxta mallarla mübarizə, o cümlədən əqli mülkiyyətin qorunması istiqamətində apardığı işlərdən də məmnunluğunu ifadə etmişdir.
Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri xanım Ann Ders iştirak etmişdir.