DÜNYA
ABŞ-ın gündəlik neft hasilatı 10,9 milyon barrelə yüksəlib
Bakı, 11 mart, AZƏRTAC
Birləşmiş Ştatların sutkalıq xam neft istehsalı artır.
AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, ötən hesabat həftəsində Birləşmiş Ştatların neft istehsalı 894 min barrel artaraq sutkada orta hesabla 10,9 milyon barrel səviyyəsində olub.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 636 min barrel azalaraq sutkalıq 5,65 milyon barrel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 282 min barrel artaraq gündəlik 2,63 milyon barrel təşkil edib.
EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik 11,1 milyon barrel, gələn il isə 12 milyon barrel olacağı gözlənilir. 2020-ci ildə hasilat 11,3 milyon barrel olub.
Xatırladaq ki, ötən il fevralın 22-28-ni əhatə edən həftədə ABŞ-ın neft hasilatı sutkada orta hesabla 13,1 milyon barrelə çataraq rekord səviyyəyə yüksəlmişdi.
ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.