ABŞ Nümayəndələr Palatası iqtisadiyyatın dəstəklənməsi üçün “Amerika qurtuluş planı”nı qəbul edib
Vaşinqton, 11 mart, AZƏRTAC
ABŞ Nümayəndələr Palatası “Amerika qurtuluş planı” adlanan sənədi qəbul edib və imzalanmaq üçün Prezident Co Baydenə göndərib.
AZƏRTAC xəbər verir ki, Prezident Co Bayden ümumi məbləği 1,9 trilyon dollar olan bu layihəni hələ yanvar ayında təqdim etmişdi. Layihədə göstərilən məbləğin təqribən 400 milyard dollarını koronavirusa qarşı mübarizəyə və əhalinin peyvəndlənməsi kampaniyasına sərf etmək nəzərdə tutulur. Hakimiyyət daha 1 trilyon dolları əhalinin dəstəklənməsinə yönəltmək niyyətindədir. Qalan məbləğ pandemiya dövründə zərər çəkmiş müəssisələr arasında bölüşdürüləcək.
Nümayəndələr Palatası bu qanun layihəsini daha əvvəl dəstəkləmişdi. Bu dəfə isə layihəyə Senatda edilmiş düzəlişlər nəzərə alınmaqla sənədin yeni versiyasına səs verilib. Gözlənildiyinə görə, Bayden qanun layihəsini yaxın vaxtlarda imzalayacaq.
Qanun layihəsinə əsasən, ABŞ-da əksər vergi ödəyicilərinə adambaşı 1,4 min dollar birbaşa ödəniş nəzərdə tutulur. Nümayəndələr Palatasının deputatlarından 220 nəfəri bu qanun layihəsinin “lehinə”, 221 deputat isə “əleyhinə” səs verib.
ABŞ-da vergi ödəyicilərinin ümumi sayının təqribən dörddə üç hissəsinin gəliri ildə 75 min dollara qədərdir. Belə vergi ödəyiciləri birbaşa dəstək alacaqlar. Uşaqların saxlanması ilə əlaqədar vergi güzəştləri genişlənib. İşsizliyə görə federal büdcədən ödənişlər ştatların ödədiyi vəsaitdən əlavə avqust ayına qədər həftədə 300 dollara bərabər olacaq. Bundan əlavə, qanun layihəsində koronavirus pandemiyasının aradan qaldırılmasına kömək məqsədilə məktəblərə 130 milyard dollar, kollec və universitetlərə daha 40 milyard dollar ayrılması nəzərdə tutulur.
Ştatlar və dairələr səviyyəsində yerli hökumət orqanları 350 milyard dollar dəstək alacaqlar. Böhran şəraitində vergi bazasının azaldılması səbəbindən bu tədbir yerli səviyyədə dəstəklənir. Bundan əlavə, aviaşirkətlərə dəstək üçün 15 milyard dollar, restoranlara dəstək üçün 25 milyard dollar, COVID-19 testlərinin genişlənməsi üçün təqribən 50 milyard dollar ayrılıb.
AZƏRTAC-ın Vaşinqton bürosu