ABŞ PREZİDENTİ XARİCİ ƏMƏLİYYATLAR ÜÇÜN BÜDCƏ TƏXSİSATI HAQQINDA QANUN LAYİHƏSİNİ İMZALAMIŞDIR
Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, ABŞ Prezidenti Corc Buş yanvarın 10-da axşamdan xeyli keçmiş büdcə təxsisatı haqqında son iki qanun layihəsini - xarici əməliyyatlar üçün büdcə təxsisatı haqqında ölkəmizi maraqlandıran layihəni, habelə əmək, səhiyyə, əhaliyə xidmətlər göstərilməsi və təhsil sahəsində büdcə təxsisatı haqqında layihəni imzalamışdır. Hər iki layihə imzalandığı andan qanun qüvvəsi alır.
Prezidentə 907-ci düzəlişin dayandırılmasına dair səlahiyyət verilməsi barədə müddəa da xarici əməliyyatlar üçün büdcə təxsisatı haqqında qanun çərçivəsində qüvvəyə minmişdir. Əvvəllər xəbər verdiyimiz kimi, indi növbədə Azərbaycan barəsində qadağaların dayandırılması haqqında müvafiq icra memorandumunun rəsmiləşdirilib konqresə verilməsi durur.
Sonrakı mərhələ bu layihənin Dövlət departamentinin hüquq şöbələrinə göndərilməsindən ibarət olacaqdır. Onlar isə sənədi dərkənar qoymaq üçün dövlət katibi Kolin Pauellə təqdim edəcəklər.
Dövlət katibi Kolin Pauell dərkənar qoyduqdan sonra memorandumu Birləşmiş Ştatların Prezidentinə təqdim edəcəkdir. Prezident Corc Buş memorandumu imzaladıqdan sonra o, konqresə veriləcəkdir. Memorandumun konqresdə rəsmi şəkildə qeydiyyata alındığı andan etibarən, 907-ci düzəliş qüvvədən düşmüş hesab ediləcəkdir. Prezident Corc Buş memorandumu tezliklə tətildən qayıdacaq konqresə təqdim etmək niyyətindədir. (Senat yanvarın 23-də, Nümayəndələr palatası yanvarın 20-də öz işinə başlayacaqdır). 907-ci düzəlişin qüvvəsinin dayandırılması ilə bağlı bütün prosedurun 2-3 həftə çəkəcəyi gözlənilir.
Ağ evin mətbuat xidməti həmin qanun layihələrinin imzalanması ilə əlaqədar ABŞ Prezidentinin bəyanatını yaymışdır. Cənab Corc Buş öz bəyanatında Amerikanın Azərbaycana birbaşa maliyyə yardımı göstərmək imkanının yaranmasını xüsusilə alqışladığını bildirmişdir.