ABŞ QUBERNATORLARI AZƏRBAYCANIN MÜSTƏQİLLİK GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK MƏKTUBLARI GÖNDƏRMİŞLƏR
Kaliforniya ştatının qubernatoru Arnold Şvartsenegger təbrik məktubunda yazır: “Həmişə xalqın öz irsi ilə bağlı hər hansı bayramı qeyd etməsi xüsusi bir hadisədir və bu bayram günündə mən Amerikada yaşayan azərbaycanlı icmasına qoşulmaqdan şərəf duyuram. Siz bizim milləti və xüsusilə ştatımızı öz gərgin işiniz, xidmətləriniz və çox gözəl və müxtəlif mədəni ənənələrinizlə zənginləşdirirsiniz. Kaliforniyanın təkrarolunmaz və daim inkişaf edən müxtəlifliyinə verdiyiniz töhfənizə görə təşəkkür edirik”.
Vaşinqton ştatının qubernatoru xanım Kristin Qrequarın məktubunda qeyd olunur: “Bu gün Azərbaycanın azadlıq və suverenliyinin bayramını qeyd etmək, həmçinin Azərbaycanın müstəqilliyinə gətirmiş və qurbanlar hesabına başa gəlmiş uzun yola nəzər salmaq üçün çox gözəl imkandır”.
Montana ştatının qubernatoru Brayan Şveytzer məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası öz zəngin mədəni irsi ilə regiona və dünyaya böyük töhfələr verən ölkədir.
15 il bundan əvvəl sovet rejimindən qurtularaq müstəqilliyini bərpa etmiş Azərbaycanın beynəlxalq birliyinin fəal iştirakçısı olduğunu vurğulayan Nyu Meksika ştatının qubernatoru Bill Riçardson yazır: “Müstəqillik ruhu, bərabərliyə sadiqlik Azərbaycan xalqının milli, mənəvi dəyərlərində dərin kök atmışdır. Həm regionda, həm də dunyada lider kimi öz rolunu müəyyənləşdirməyə çalışan bir ölkə üçün bu çox əhəmiyyətli bir amildir”.