ABŞ SƏFİRİ ÖZ İQAMƏTGAHINDA İFTAR SÜFRƏSİ AÇMIŞDIR
İftar süfrəsinə din xadimləri, diplomatik korpusun rəhbərləri dəvət olunmuşdular.
Səfir A.Ders bildirmişdir ki, Ramazan dünyada yüz milyonlarla müsəlman, o cümlədən ABŞ müsəlmanları üçün ən müqəddəs aydır.
Bəzi qüvvələrin sabitliyi pozmağa, sivilizasiyaları qarşı-qarşıya qoymağa çalışdığını bildirən səfir, buna qarşı hökumətlərin və dini icmaların əməkdaşlığının zəruriliyini vurğulamışdır. Birləşmiş Ştatlarda bir çox müsəlman təşkilatının olduğunu qeyd edən xanım A.Ders, ABŞ hökumətinin bu təşkilatların fikirlərini yüksək qiymətləndirdiyini bildirmişdir. O demişdir: “Azərbaycan da ABŞ kimi dini və etnik tolerantlığın nümunəsi olan ölkədir. Əsrlər boyu müsəlmanlar, xristianlar, yəhudilər burada dinc və yanaşı yaşamışlar. Azərbaycan İslam Konfransı Təşkilatının fəal üzvü kimi bölgədə sülhü və əmin-amanlığı yayır. ABŞ tolerantlıq sahəsində həm nümunə, həm də lider kimi verdiyi töhfələrə görə Azərbaycana çox minnətdardır”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə demişdir ki, Azərbaycan həm müsəlman dünyasında, həm də Avropada böyük nüfuza malikdir. Ölkəmizdəki dini icmaların rəhbərləri bir süfrə arxasında toplaşırlar. Bu, xalqımızın tolerantlığını bir daha sübut edir. İstərdim ki, müqəddəs ay bütün dünya müsəlmanlarının barışıq ayına çevrilsin, müharibə və terrorizm olmasın.
Azərbaycanda ABŞ ilə münasibətlərə xüsusi əhəmiyyət verildiyini diqqətə çatdıran şeyx demişdir ki, Azərbaycan ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Birləşmiş Ştatların daha fəal olmasını istəyir.
Din adından istifadə edərək insanları qətlə yetirənləri, terror aktları törədənləri, habelə sivilizasiyalararası dialoqu pozmağa çalışanları pisləyən hacı Allahşükür Paşazadə, bəzi ölkələrdə İslam dəyərlərinin təhqir edilməsinin təhlükəli olduğunu bildirmişdir. O, Fransa parlamentində “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza müəyyən edən qanunun qəbul edilməsinin də yaxşı hal olmadığını diqqətə çatdırmış, bunun acı nəticələrə səbəb ola biləcəyini demişdir.