ABŞ universiteti UNEC alimi haqqında məqalə dərc edib: “UNEC-dən Vaşinqton Universitetinə”
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) Mühəndislik və tətbiqi elmlər kafedrasının tədqiqatçı-dosenti Əli Xəlilov ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrindən olan Vaşinqton Universitetində (WashU) 6 aylıq elmi ezamiyyədədir.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Fulbright” proqramı çərçivəsində ABŞ-nin Missuri ştatının Sent-Luis şəhərində tədqiqat aparan Əli Xəlilovun elmi fəaliyyəti haqqında Vaşinqton Universiteti rəsmi veb-saytında “UNEC-dən Vaşinqton Universitetinə” adlı xüsusi yazı paylaşıb. Məqalədə UNEC aliminin Fulbrayt təqaüdçüsü (Fulbright Visiting Scholar) kimi Kimya departamentində apardığı uğurlu tədqiqat fəaliyyəti və onun professor Birmanın tədqiqat qrupundakı mühüm rolundan bəhs olunub.
UNEC-in tədqiqatçı dosenti Əli Xəlilov öz-özünü tamamlayan hidrogen rabitəli yeni massivlərin dizaynı və onların özünübərpa olunan “ağıllı materiallar” kimi potensialının araşdırılması layihəsi üzərində çalışır.
Qeyd edək ki, bu, UNEC aliminin ABŞ-dəki ilk uğuru deyil. Onun 2017-2018-ci illərdəki ilk “Fulbright” səfərindəki elmi fəaliyyəti “Journal of the American Chemical Society” nəşrində dərc olunub və gələcək araşdırmalar üçün mühüm elmi baza yaradıb.
Altmışdan çox elmi məqalənin müəllifi və “UNEC Journal of Engineering and Applied Sciences” jurnalının məsul katibi olan Əli Xəlilov, həm də gənc alimlərin akademik inkişafına və qlobal elmi mübadiləyə böyük dəstək göstərir.