ADSEA sədri Şəmkirdə vətəndaşların müraciətlərini dinləyib






Bakı, 11 aprel, AZƏRTAC
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Şəmkir, Gədəbəy və digər rayonlardan olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
AZƏRTAC ADSEA-nın yaydığı məlumata istinadən xəbər verir ki, görüşdən öncə sədr Zaur Mikayılov və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, subartezian quyularının təmiri və balansa götürülməsi, işlə təminat və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.