AFFA-NIN HAKİMLƏR KOMİTƏSİ BƏYANAT YAYMIŞDIR
Bəyanatda bildirilir: “Hakimlər Komitəsi hər turun oyunlarından sonra daxil olan şikayətləri obyektiv olaraq araşdırır və oyunları aşağı səviyyədə idarə edən hakimlərə qarşı Nizam-İntizam Məcəlləsinin müvafiq bəndinə əsasən cəza tədbirləri görür. Bütün görüşlərin video yazılarına baxış keçirilir. Lakin, təəssüflər olsun ki, hakimlərə qarşı şikayətlərin əksəriyyəti əsassızdır. Belə ki, sentyabrın 18-də V turun “Gənclər birliyi” - “İnter” görüşündə qonaq komandanın baş məşqçisi Anatoli Konkov hakimlərin işindən narazı qalmışdır. Hakimlər Komitəsi videokasetlər vasitəsilə oyunun düzgün idarə olunduğunu məşqçiyə sübut etmişdir.
Həmin turda “Neftçi”-“Gəncə” oyununu hakimlərin yüksək səviyyədə idarə etmələrinə baxmayaraq, “Neftçi”nin məşqçiləri və rəhbərliyi 73-cü dəqiqədə onların qapısına ikinci qolun “oyundankənar” vəziyyətdən vurulduğunu bildirərək, özlərini çılğın aparmışlar. Klubun vitse-prezidenti Ramin Musayev isə ehtiyat hakim Ceyhun Həşimovun şərəf və ləyaqətini təhqir etmişdir. Sonra R.Musayev, oyun qaydalarından xəbərdar olmadığından, vurulan qolun da düzgün olmadığını bildirmişdir.
Hakimlər də öz adlarından onun futbol qaydalarını bilmədiyindən görüşü idarə edənlərin düzgün qərarına əsassız ittihamlar irəli sürməsini, onları təhqir etməsini, birmənalı olaraq, pisləyirlər”.