Ağdamda “Laçın şəhəri günü”nə həsr olunmuş maarifləndirici görüş keçirilib
Ağdam, 24 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) və Ağdam rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Ağdam Uşaq Səfirlər Məclisi və Ekspert qrup üzvlərinin iştirakı ilə “26 avqust - Laçın şəhəri günü”nə həsr olunmuş maarifləndirici görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə işğaldan azad edilmiş ərazilər üzrə təsis edilmiş şəhər günləri haqqında Azərbaycan Respublikası Prezidentinin verdiyi Sərəncamın əhəmiyyətindən, 44 günlük İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun göstərdiyi qəhrəmanlıqdan, işğaldan azad olmuş ərazilərdə, o cümlədən Laçın rayonunda həyata keçirilən bərpa-quruculuq işlərindən, əhalinin doğma yurda qayıdışından bəhs edilib.
Laçın uğrunda gedən döyüşlərdə iştirak edən İlqar İdrisli döyüş xatirələrini bölüşüb. Sonra görüş iştirakçıları Heydər Əliyev Mərkəzində “Laçınım, azadlığın mübarək!” mövzusunda təşkil olunan sərgi ilə tanış olublar.