Agentlik rəhbəri: Antropogen fəaliyyət ekoloji problemi kəskinləşdiribsə, insan zəkası da onun həllini tapacaq
Bakı, 30 oktyabr, AZƏRTAC
İqlim problematikasında təbiət və zəkanın maraqları toqquşmayan, ziddiyyətli olmayan mövqedən irəli gələn yeni ekoloji düşüncə və şüur durur. Bu, ilk növbədə, akademik Nikita Moiseyevin dediyi kimi, “ekoloji imperativ”dir, yəni, sadəcə olaraq təbiət qanunları ilə hesablaşmağın obyektiv zəruriliyi ilə yanaşı, təbiət tərəfindən irəli sürülən “texniki şərtlər”i də nəzərə almaq vacibliyidir. Bu cür yanaşma texnokratik yanaşmaya əks olan, ilk növbədə insan ölçüsü olan yanaşmadır.
AZƏRTAC xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov oktyabrın 30-da “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masadan öncə keçirilən brifinqdə deyib.
“Ekoloji imperativ”də təbiət – elmi və humanitar yanaşmalar ilə vəhdət təşkil edir və bu səbəbdən həmin imperativin qəbulu “əxlaq-mənəviyyat imperativinin” qəbulu deməkdir. Bu mövqedən çıxış edərək, bir daha qeyd olunmalıdır ki, antropogen fəaliyyət və əqli fəaliyyət nəticələri ekoloji problemi kəskinləşdiribsə yaradıbsa, insan zəkası da həmin problemin həllini tapacaq.