Ağırlıqqaldırma üzrə Özbəkistan millisi Bakıdakı şəraitdən razı qalıb
Bakı, 12 yanvar, AZƏRTAC
“Zalda təlim-məşq toplanışı üçün yüksək şərait yaradılıb. Hər bir inventar var. Buradakı şərait bizi qane edir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “ASK-Arena”da yeni istifadəyə verilmiş bazada təlim-məşq toplanışı keçən ağırlıqqaldırma üzrə Özbəkistan yığmasının baş məşqçisi Bəhram Mendibayev jurnalistlərə açıqlamasında deyib.
Hazırlıq prosesi üçün Bakını seçmələrinin səbəbini açıqlayan mütəxəssis bildirib: “Azərbaycan qardaş ölkədir. Məhz buna görə toplanışın Bakıda olmasına qərar verdik. Burada ağırlıqqaldırmanın səviyyəsi yaxşıdır. İdmançılar uğurlu nəticələr qazanırlar”.
Bakıdakı toplanışa qatılanlar arasında Özbəkistan millisinin heyətində “Rio-2016” Yay Olimpiya Oyunlarının qalibi olmuş Ruslan Nurudinov da var. Hazırlığı dəyərləndirən Olimpiya çempionu bazada yaradılmış şəraitdən razı qaldığını söyləyib: “İlk dəfədir Azərbaycanda hazırlıq keçirik. İnanıram ki, bu, son deyil. Gələcəkdə yenidən buraya üz tutacağıq. Gələn ay Asiya çempionatı başlayacaq. Əsas məqsəd yarışa yaxşı hazırlaşmaq və yüksək əhvali-ruhiyyədə yollanmaqdır. Paris Olimpiadasına isə hələ çox var. Əvvəlcə lisenziya qazanmalıyıq. Bütün idmançılara uğurlar arzulayıram”.