REGİONLAR
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub VİDEO
Bakı, 12 noyabr, AZƏRTAC
Ağstafa rayonunun Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulması işləri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 4-cü texniki dərəcəyə uyğun yenidən qurulan avtomobil yolunun uzunluğu 9,3 kilometr təşkil edir. Layihəyə əsasən, 132 poqonmetr olan 500 millimetrlik və 42 poqonmetr uzunluğa malik 1000 millimetr diametrlik dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla tikintisi işləri aparılıb, 6500 poqonmetr küvet hissələr açılıb. Bundan başqa, yolboyu 3 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün 46 yol nişanı, 380 siqnal dirəyi quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər çəkilib.
Yerli əhəmiyyətli Ağstafa -Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidən qurulması ilə yolboyu nəqliyyat əlaqəsi xeyli rahatlaşıb, vətəndaşların istər Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna, istərsə də, Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə sözügedən ərazidə yük və sərnişin daşıması asanlaşıb.
Qeyd edək ki, bundan öncə Ağstafa rayonu ərazisindəki Kolayır-Düzqışlaq-Mollacəfərli-Xılxına-Qarahəsənli avtomobil yolunda yenidənqurma işləri aparılıb. Yolda həyata keçirilən tikinti işləri 4 mindən çox əhalinin gediş-gəlişini rahatlaşdırıb.