Ağstafada narkotik maddə satan qardaşlar saxlanılıb
Bakı, 4 fevral, AZƏRTAC
Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən rayonun Xətai kənd sakini, əvvəllər məhkum olunmuş Elşad Yaqubov saxlanıb. Onun üzərində axtarış aparılan zaman müxtəlif bükümlərdə ümumi çəkisi 9,5 qram olan metamfetamin və 7,5 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Yaqubovun qardaşı əvvəllər məhkum olunmuş, hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) Rəşad Yaqubov da saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Onun üzərindən 234,5 qram heroin və ümumi çəkisi 55 qramadək metamfetamin və metadol həbi aşkarlanaraq götürülüb.
Götürülən maddi sübutlar istintaqa təhvil verilib, saxlanılan şəxslərlə bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.