Ahmed Alawi Baabood: Dialoq, anlaşma və əməkdaşlıq xalqlara daha təhlükəsiz gələcək bəxş edir
Bakı, 24 iyun, AZƏRTAC
Fikir ayrılıqlarının aradan qaldırılması və münaqişələrin nizamlanması üçün ən yaxşı yol kimi sülh, tolerantlıq və dialoq mədəniyyətinin möhkəmləndirilməsi naminə birgə fəaliyyətin gücləndirilməsi və beynəlxalq səylərin birləşdirilməsi hər zamankından daha zəruri hala gəlib.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında Ərəb Parlamentlərarası İttifaqının Baş katibi Ahmed Alawi Baabood deyib.
O qeyd edib ki, sülh yalnız ali bəşəri və mənəvi dəyər deyil, həm də ən müdrik seçimdir. Müharibələr və münaqişələr iqtisadi resursları məhv edir, infrastrukturu dağıdır, inkişaf imkanlarını boşa çıxarır və yeri doldurulmaz, ağrılı insan itkilərinə səbəb olur. Dialoq, anlaşma və əməkdaşlıq isə sabitlik, artım və rifah üfüqlərini açır, xalqlara daha təhlükəsiz və perspektivli gələcək bəxş edir.