ELM VƏ TƏHSİL
Akademik: Azərbaycan cəmiyyətinin sonrakı inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb
Bakı, 28 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) Elm Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a MBBİ-dən bildirilib. Tədbiri açan institutun baş direktoru akademik İradə Hüseynova qədim tarixi və böyük ənənələri olan Azərbaycan elminin bu gün ölkəmizin hərtərəfli inkişafının hərəkətverici qüvvəsinə çevrildiyini vurğulayıb. O qeyd edib ki, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda təsis edilən Elm Günü - martın 27-si həm də akademiyanın yaradıldığı tarixə təsadüf edir. Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) yaradılması ölkəmizin elm tarixinin şərəfli hadisəsidir. Azərbaycan cəmiyyətinin sonrakı bütün inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb.
“Elm adamlarının, tədqiqat müəssisələrinin və ümumən elmi fəaliyyətin böyük hamisı olmuş Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elmin inkişafında, elmi-texniki potensialın gücləndirilməsində, ən müasir və perspektiv sahələrdə yüksəkixtisaslı elmi kadrların hazırlığında, Azərbaycan Milli Elmlər Akademiyasının qorunması və yüksəlişində oynadığı mühüm rol daim xatırlanmalıdır. Ümummilli Liderin Azərbaycanın sosial-iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ölkənin ictimai-siyasi həyatında nüfuzunu və akademik elmin suveren Azərbaycan dövlətinin tərəqqisinin təminatçısı olduğunu ön plana çəkən elm siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev xalqın gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu dəfələrlə vurğulayıb. Hazırkı dövrdə dünya elminin nailiyyətlərinin öyrənilməsi və onların ölkəmizdə tətbiqi, dünyanın qabaqcıl elmi mərkəzləri ilə ortaq elmi-tədqiqat layihələrinin hazırlanması, gənc tədqiqatçıların xarici ölkələrin nüfuzlu universitetlərində magistratura və doktorantura səviyyəsində təhsil alması Azərbaycanın dünya elm məkanına inteqrasiya etməsi üçün prioritet istiqamətlərdir. İnanırıq ki, elmin inkişafı Azərbaycanın daha da güclənməsinə, tərəqqisinə, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına vəsilə olacaq”, - deyə akademik İradə Hüseynova əlavə edib.
Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev, biologiya elmləri doktorları Süleyman Səftərov, Yaşar Feyziyev, biologiya üzrə fəlsəfə doktorları Ülkər İbrahimova, Nərgiz Sultanova, Səmra Mirzəyeva, Nərgiz Bayramova və başqaları alim olmağın məsuliyyətini, bu çətin və şərəfli yolda qarşıya çıxan problemlərin həlli üçün insanın bütün varlığı ilə özünü elmə həsr etməyin zəruriliyini vurğulayıblar.
Sonra bir qrup alimə MBBİ-nin fəxri fərmanları və təşəkkürnamələri təqdim olunub.
Sonda Elm Gününə həsr olunmuş film nümayiş etdirilib.