Akademik İsa Həbibbəyli: Heydər Əliyevin çoxşaxəli fəaliyyəti AMEA-da sistemli şəkildə öyrənilir
Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də AMEA-nın Rəyasət Heyətində Humanitar və İctimai Elmlər bölmələrinin təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin dövlətçilik təlimində azərbaycançılıq ideyası və müasir dövr” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli dövlətimizin başçısının 2022-ci il 28 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda AMEA-nın da üzərinə vəzifələr qoyulduğunu xatırladıb. Qeyd edib ki, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin müəssisələri tərəfindən Ulu Öndərin genişmiqyaslı fəaliyyəti sistemli şəkildə tədqiq edilərək 40-dan çox fundamental monoqrafiya ərsəyə gətirilib və bununla da alimlər Heydər Əliyevşünaslığın elmi əsaslarını ortaya qoyublar.
AMEA-da Ümummilli Liderə həsr olunmuş çoxsaylı monoqrafiya və elmi tədqiqat materialları ilə yanaşı, fundamental nəşrlərdən biri kimi “Heydər Əliyev Ensiklopediyası”nın hazırlandığını deyən akademik hazırda ensiklopediyanın sözlüyünün geniş müzakirələrdən sonra yekunlaşmaq mərhələsində olduğunu və nəşrin 2024-cü ilin sonlarına kimi ictimaiyyətə təqdim edilməsinin planlaşdırıldığını vurğulayıb. AMEA prezidenti, həmçinin “Heydər Əliyev İli” çərçivəsində akademiyada bir çox tədbirlərin, konfransların, seminarların, sərgilərin təşkil olunduğunu, alimlərimizin mətbuatda geniş məqalələrlə çıxış etdiklərini diqqətə çatdırıb.
Ulu Öndərin Azərbaycan dövləti qarşısında tarixi xidmətlərinə toxunan akademik İsa Həbibbəyli qeyd edib ki, görkəmli dövlət xadimi hələ sovet hakimiyyəti illərində xalqımızı Azərbaycanın gələcək müstəqilliyinə hazırlayıb. Müstəqillik illərində isə Azərbaycan xalqının, dövlət müstəqilliyimizin xilaskarına çevrilib, hərc-mərcliyə son qoymaqla ölkədə sabitlik yaradıb. Görkəmli dövlət xadiminin təşəbbüsü ilə həyata keçirilmiş “Əsrin müqaviləsi” Azərbaycana iqtisadi müstəqillik gətirməklə bərabər, dövlətimizi Avropanın enerji bazarında əsas faktorlardan birinə çevirib, Azərbaycan özünə etibarlı tərəfdaşlar və dost ölkələr qazanıb.
Dahi liderin xalqımız qarşısında ən böyük xidmətlərindən birinin özündən sonra siyasi varis hazırlayaraq Azərbaycanın gələcəyini də düşünməsi olduğunu deyən AMEA rəhbəri dövlətimizin Prezident İlham Əliyevin liderliyində hər biri möhtəşəm olan 20 il keçirdiyini söyləyib. Qeyd edib ki, ötən müddət ərzində Prezident İlham Əliyevin liderliyində Azərbaycan öz inkişafının ən yüksək mərhələsinə qalxıb, Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP kimi nəhəng neft-qaz layihələri həyata keçirilib, hərbi, texniki, elmi, mədəni, təhsil və digər sahələrdə böyük uğurlar əldə olunub.
“Prezident İlham Əliyevin adı Azərbaycanın çoxəsrlik tarixinə Qalib Ali Baş Komandan kimi qızıl hərflərlə yazılıb. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə və bir gündən də az çəkən antiterror tədbirləri ilə Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub. Bu, Azərbaycan tarixində nadir hərbi-siyasi hadisədir və Prezident İlham Əliyevin adı ilə bağlıdır”, - deyə akademik İsa Həbibbəyli söyləyib.
Bu gün Azərbaycanın dünyada söz sahibi olan ölkələrdən birinə çevrildiyini və Prezident İlham Əliyevin adının dünya liderləri sırasında çəkildiyini qeyd edən İsa Həbibbəyli alimlərimizin hər zaman Müzəffər Ali Baş Komandanın yanında olduqlarını və dövlətimizin çiçəklənməsi naminə fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini vurğulayıb.
Tədbirdə AMEA-nın müşaviri akademik Möhsün Nağısoylunun “Müstəqil dövlətçilik təlimində Azərbaycan dili məsələləri: Heydər Əliyevdən - İlham Əliyevə”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Tehran Mustafayevin “Heydər Əliyevin ədəbiyyat təlimi və müasir dövr”, Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadənin “Azərbaycan incəsənətində Heydər Əliyevin bədii obrazı”, Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini Eynulla Mədətlinin “Heydər Əliyevin siyasi irsində azərbaycançılıq ideyası və müasir ideoloji proseslər” və A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri Ədalət Qasımovun “Heydər Əliyev və Azərbaycan Respublikasında milli təhsilin inkişafı” mövzusunda məruzələri dinlənilib.