Akademik Mikayıl Useynovun Azərbaycan memarlığının elm kimi təşəkkülündə xüsusi rolu olub
Bakı, 19 aprel, AZƏRTAC
Görkəmli alim və memar Mikayıl Useynov Azərbaycanın milli memarlıq ənənələrini yeni axtarışları ilə zənginləşdirib, müasir texnologiyalardan istifadə edərək monumental tikililərin qiymətli nümunələrini yaradıb. Bakı şəhərinin memarlıq simasının müəyyənləşməsində onun layihələri mühüm yer tutur.
AZƏRTAC görkəmli memar Mikayıl Useynovun doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.
Mikayıl Useynov 1905-ci il aprelin 19-da Bakıda dünyaya göz açıb. 1922-1929-cu illərdə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) təhsil alıb və Mühəndis-inşaat fakültəsini mühəndis-memar ixtisası üzrə bitirib. 1930-1959-cu illərdə memar, sonradan isə “Azərdövlətmemarlayihə”də (indiki “Azərdövlətlayihə” DBLİ) 1-ci memarlıq emalatxanasının rəhbəri vəzifəsində çalışıb. 1960-1990-cı illərdə “Azərdövlətlayihə”də məsləhətçi, 1947-1992-ci illərdə Azərbaycan Memarlar İttifaqının sədri olub.
Mikayıl Useynov 200-dən çox layihə irəli sürüb və bunların hamısı çox peşəkarcasına, yüksək səviyyədə həyata keçirilib. Onun layihələri əsasında Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə, eləcə də Düşənbədə, Moskvada və digər şəhərlərdə mədəni-məişət binaları tikilib. Şərq və Qərb memarlıq məktəbinin sintezindən yararlanan Mikayıl Useynov əzəmətli yaşayış və ictimai binaların layihələrinin müəllifidir. Mikayıl Useynovun “Alimlər Evi” (1946), M.F.Axundzadə adına Dövlət Kitabxanası (1960, indiki Azərbaycan Milli Kitabxanası), Azərbaycan SSR Elmlər Akademiyasının binaları kompleksi (1947-1948), hazırkı “Azadlıq” meydanının rekonstruksiyası (1962), “Nizami” (1968-1969), “Elmlər Akademiyası” (1971) metrostansiyaları, “Azərbaycan” (1973), “Abşeron” (1975), “Moskva” (1978) mehmanxanaları, Baş poçt idarəsi - “Qlavpoçtampt” (1977), Nizami Gəncəvinin (1940), Səməd Vurğunun (1957) heykəlləri, Sovet İttifaqı qəhrəmanları Həzi Aslanovun (1948), Mehdi Hüseynzadənin (1973) heykəlləri, “Azad qadın” (1960) və digər heykəltəraşlıq kompozisiyaları onun yaradıcılığında xüsusi yer tutur.
İngiltərə kraliçası II Elizabetin himayəsi altında olmuş “Böyük Britaniya Asiya cəmiyyəti” tərəfindən 1985-ci ildə təşkil edilən “Bakının memarlığı” sərgisində onun əsərləri nümayiş etdirilib. Sərgi materiallarına keçirilən baxış və müzakirələrdən sonra azərbaycanlı memar Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü seçilib. Elə buradaca onun yeni Azərbaycan memarlığı məktəbini yaratdığı da qeyd edilib.
M.Useynov SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki olub, dövlət mükafatlarına layiq görülüb.
Azərbaycanda böyük memarlıq məktəbinin yaradıcısı kimi, Mikayıl Useynovun yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənarda da müxtəlif abidələrin, sənət nümunələrinin ərsəyə gəlməsində böyük əməyi olub. Azərbaycan memarlığının elm kimi təşəkkülündə xüsusi rolu olan alim yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm xidmətlər göstərib.
Xatırladaq ki, görkəmli akademik Mikayıl Useynovun 110 illik yubileyinin keçirilməsi ilə bağlı 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olub və onun memar və alim kimi dövlət qarşısında misilsiz xidmətləri bir daha yüksək dəyərləndirilib.