AKADEMİK ZİYA BÜNYADOVUN QATİLLƏRİNƏ ŞƏRAİT YARATMIŞ MAİS ABDULLAYEVƏ MƏHKƏMƏ HÖKMÜ OXUNMUŞDUR
Məhkəmədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Tofiq Paşayevin sədrlik etdiyi məhkəmə prosesində Cinayət Məcəlləsinin 218.2, 32.4, 339.2 və 312.2-ci maddələri ilə təqsirli bilinən Abdullayev Mais İsmayıl oğluna ittiham hökmü oxunmuşdur.
Hökmə əsasən Mais Abdullayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2, 32.4, 339.2 və 312.2 maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmişdir. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2 maddəsi ilə 10 il, 32.4, 339.2 maddəsi ilə 3 il, 312.2 maddəsi ilə 5 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1960-cı il redaksiyasının 38-ci maddəsinə əsasən ona təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində qəti olaraq 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə əvvəli tutulduğu gündən, yəni 2003-cü il iyunun 12-dən hesablanmışdır.