ALİ TƏHSİL HAQQINDA SƏNƏDLƏRİN TANINMASI İLƏ ƏLAQƏDAR YARADILMIŞ KOMİSSİYANIN İLK İCLASI KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 14-də nazirlikdə xarici ölkələrdə təhsil almış Azərbaycan vətəndaşlarına verilmiş diplomların tanınması (nostrifikasiya) ilə əlaqədar yaradılmış komissiyanın ilk iclası keçirilmişdir. Qeyd olunmuşdur ki, yeni təsdiq olunmuş “Nostrifikasiya qaydaları”na uyğun olaraq xarici ölkədə təhsil almış hər bir vətəndaş diplomunun tanınması üçün Təhsil Nazirliyinin müvafiq komissiyasına müraciət etməlidir. Göndərilən sənədlər Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən ekspertizadan keçirildikdən sonra həmin sənədin tanınması ilə bağlı müvafiq sertifikat verilir. İclasda o da bildirilmişdir ki, təhsil sənədlərinin verilməsində mənfi halların qarşısının alınması üçün həmin ölkənin Təhsil və yaxud Xarici İşlər Nazirliyi tərəfindən opostil möhürünün vurulmadığı diplomları Azərbaycan tərəfi etibarsız sayaraq qəbul etməyəcək.
Sonra müxtəlif ölkələrdə təhsil almış 12 vətəndaşın müvafiq sənədləri müzakirə olunmuşdur.
Türkiyə Respublikasında dövlət xətti ilə təhsil almış 3 vətəndaşın diplomunun tanınması üçün sertifikat verilməsi, digər 9 şəxsin sənədlərinin isə “Nostrifikasiya qaydaları” na uyğun olaraq ekspertizaya göndərilməsi qərara alınmışdır.