“ALİM” assosiasiyasının təşkilatçılığı ilə “Xocalı genosidinin müxtəlif aspektlərdən təhlili” adlı onlayn konfrans keçirilib
Paris, 25 fevral, AZƏRTAC
Fransada fəaliyyət göstərən “ALİM” elmi assosiasiyasının təşkilatçılığı ilə “Xocalı genosidinin müxtəlif aspektlərdən təhlili” adlı onlayn konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, iqtisad elmləri üzrə fəlsəfə doktoru Günel Səfərovanın moderatorluğu ilə keçirilən konfransda azərbaycanlı hüquqşünas Zaur Sadıqbəyli, AZƏRTAC-ın Fransadakı xüsusi müxbiri, habelə Bordada həkim kimi çalışan Xocalı qırğınının şahidi Şahsuvar Mirzəyev çıxış edərək, Xocalı hadisələrini tarixi, sosioloji və hüquqi aspektlərindən danışıblar.
Bildirilib ki, Xocalı hadisələri erməni millətçiləri tərəfindən əvvəlcədən planlaşdırılıb. Onlar qadınları, uşaqları və qocaları amansızlıqla qətlə yetiriblər. Erməni millətçilərin Xocalıda törətdiyi soyqırımı Ermənistanın sabiq prezidenti Sarkisyan tərəfindən etiraf edilib.
Tədbirdə Xocalı soyqırımı şahidlərinin fikirləri səsləndirilib. Xocalı hadisələrinin şahidləri acı xatirələrini bölüşüblər.
Vurğulanıb ki, erməni silahlı qüvvələri beynəlxalq hüququn bütün norma və prinsiplərini pozublar. Bir çox ölkələr Xocalı soyqırımını tanıyıb. Xocalı hadisələri ilə bağlı təhqiqatlar davam etdirilir və bu qırğını törədənlər qanun qarşısında cavab verməli olacaqlar.
Sonda konfransda çıxış edənlər iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Sosial şəbəkələrdə canlı yayımlanan konfransın əsas məqsədi fransız dilli insanları Xocalı soyqırımı haqqında məlumatlandırmaq olub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris