ALİMLƏR BEYNƏLXALQ ELMİ-NƏZƏRİ KONFRANSDA QAFQAZ XALQLARINI SÜLHƏ VƏ SABİTLİYƏ ÇAĞIRMIŞLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şəmkirdə “Qafqaz- arxeologiya və etnologiya” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans öz işinə başlamışdır.
Azərbaycanın, Gürcüstanın, Almaniyanın, Rusiyanın, Türkiyənin, Fransanın nüfuzlu alimlərinin iştirakı ilə keçirilən bu mötəbər tədbirin iştirakçıları əvvəlcə rayon mərkəzində yerləşən Heydər Əliyev muzeyinə gəlmiş, dahi rəhbərin büstü önünə tər çiçəklər düzmüş, muzeydəki eksponatlarla tanış olmuşlar. Konfrans iştirakçıları adından Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Mahmud Kərimov muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.
Konfransı giriş sözü ilə AMEA-nın prezidenti Mahmud Kərimov açmışdır. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov rayon ictimaiyyəti adından qonaqları salamlamış, qədim Azərbaycan torpağı olan Şəmkirdə müasir yenidənqurma ilə yanaşı, keçmişi yaşadan tarixi abidələrin bərpası və qorunmasına dövlət səviyyəsində göstərilən qayğıdan danışmışdır.
Beynəlxalq elmi-nəzəri konfransın təşkilatçısı olan “Regionların İnkişafı” İctimai Birliyinin sədri Seymur Quliyev belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsinin təbii olduğunu diqqətə çatdırmış və son 3 ildə rəhbərlik etdiyi qurumun maliyyə dəstəyi ilə Şəmkir ərazisində aparılan arxeoloji qazıntılar zamanı əldə olunan qiymətli tapıntıların əhəmiyyətindən danışmışdır.
Sonra söz müxtəlif ölkələrdən gəlmiş tarixçi alimlərə verilmişdir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru M.Rəhimovanın “Qafqazın arxeologiyası və etnoqrafiyası”, Gürcüstan alimi V.Şamiladzenin “Humanitar elmlər sahəsində inteqrasiya prosesləri və sosial-mədəni antropologiyanın əhatə dairəsi”, Rusiya alimləri M.Aqlarovun “Qafqaz gerçəklikləri Rusiya tarixşünaslığında”, S.Korenevskinin “Qafqazda erkən Maykop tipli xəncərlər və onları dəfn mərasimində müşaiyət edən daş millər, əşyalar və alətlər”, Türkiyə tarixçisi S.Yükselin “Azərbaycanın qədim epitafiyalarına dair tədqiqatlar” və Fransa tədqiqatçı-alimi B.Lyonnetin “Azərbaycan-Fransa ekspedisiyasının 2006-cı ildə Soyuqbulaqda apardığı qazıntıların ilkin nəticələri” mövzularında məruzələri dinlənilərək müzakirə edilmişdir. Müzakirələrdə Qafqazda aparılan arxeoloji və etnoqrafiq tədqiqatların nəticələri təhlil edilərək fikir mübadiləsi aparılmışdır.
Çıxışlarda bir məsələ xüsusi vurğulanmışdır ki, tarixi keçmişi öyrənməklə insanları biri-birinə daha da yaxınlaşdırmaq mümkündür. Bu gün münaqişələr bölgəsi olan Qafqazda sabitliyi və əmin-amanlığı qorumaq naminə alimlər də bir araya gəlməlidirlər. Bu sahədə Şəmkir rayonu ərazisində təşkil olunmuş beynəlxalq ekspedisiyanın əhəmiyyətindən danışan natiqlər bu işin böyük səmərə verəcəyinə inam ifadə etmişlər.
Sonra beynəlxalq konfrans iki bölmədə - arxeologiya və etnologiya bölmələrində öz işini davam etdirmişdir. Təxminən 90-dək elmi məruzənin dinləniləcəyi bu mötəbər məclis iki gün davam edəcəkdir.
######
