Alimlərimizin beynəlxalq elmi əlaqələri genişlənir
Bakı, 1 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda beynəlxalq elmi əlaqələrin genişləndirilməsi sahəsində mütəmadi tədbirlər həyata keçirilir. İnstitutun alimləri Bakı Mühəndislik Universiteti və Rusiyanın müxtəlif elmi-tədqiqat mərkəzlərindən olan həmkarlar ilə beynəlxalq əməkdaşlıq çərçivəsində yeni Şiff əsasları sintez edib, struktur xüsusiyyətləri müfəssəl öyrənilib. Tədqiqatın nəticələri impakt faktoru 4 olan Q1 klasifikasiyalı “Journal Molecular Structure”də dərc olunub.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Aşqarlar Kimyası İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin məhsul şəxsi və elmi işçisi Kəmalə Məmmədova söyləyib. O bildirib ki, Belarusdan olan həmkarlar ilə uzun müddətdir müştərək tədqiqatlar aparılır. İndiyə qədər institutda zərif üzvi sintez üsullarından istifadə etməklə yeni sintez olunmuş birləşmələrin müxtəlif funksional xassələrini, onların təsir mexanizmini tədqiq etmək və quruluşları ilə səmərəliliyi arasında olan əlaqəyə əsasən perspektivli reagentlərin seçilməsinin elmi əsasları işlənilib, həmin birləşmələrin heyvanlar üzərində eksperimental modellərdə effektivliyi qiymətləndirilib, bioloji fəaliyyət spektrinin kompüter hesablamaları aparılıb, bu birləşmələrin standart dərmanlarla müqayisədə yüksək effektivliyə malik olduğu sübut olunub.