ALMANİYA AZƏRBAYCAN İLƏ ƏMƏKDAŞLIĞA MÜHÜM ÖNƏM VERİR
Dövlətlərimiz arasında dostluq əlaqələrinin, iqtisadi və digər sahələri əhatə edən etibarlı tərəfdaşlıq münasibətlərinin sürətli inkişafını vurğulayan nazir, Prezident İlham Əliyevin Almaniyaya səfərlərinin qarşılıqlı münasibətlərin daha da genişlənməsində mühüm rolunu qeyd etmişdir. O, Azərbaycanda aparılan hüquq islahatları, məhkəmə fəaliyyətinin müasirləşdirilməsi üzrə görülən kompleks tədbirlər barədə ətraflı məlumat vermişdir.
Ədliyyə orqanlarının səmərəli əməkdaşlığı, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və faydalı təcrübə mübadiləsinin əhəmiyyətini diqqətə çatdıran nazir, müvafiq layihə çərçivəsində mülki qanunvericiliyimizin təkmilləşdirilməsi, hakimlərin, hakimliyə namizədlərin tədrisi və digər tədbirlərdə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin və alman mütəxəssislərin fəal iştirakını xüsusi vurğulamışdır.
F.Məmmədov ölkəmiz və xalqımız üçün taleyüklü məsələ olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa Şurasının roluna toxunaraq, problemin ədalətli və hamılıqla qəbul edilmiş hüquq normalarına uyğun nizamlanmasında mötəbər beynəlxalq təşkilatların prinsipial və qəti mövqeyinin əhəmiyyətini qeyd etmişdir.
Əhatəli və faydalı məlumata görə təşəkkür edən Raynder Ştenblok, Azərbaycanda aparılan mütərəqqi islahatlardan, dost dövlətin əldə etdiyi uğurlardan məmnun qaldığını vurğulayaraq, Almaniyanın ölkəmizlə hərtərəfli, o cümlədən iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığa böyük önəm verdiyini, qarşılıqlı münasibətlərin genişlənməsinin hər iki tərəfin mənafeyinə xidmət etdiyini bildirmişdir.
Görüşdə ədliyyə orqanları arasında ikitərəfli əməkdaşlığın mövcud imkanları qeyd edilərək, insan hüquqlarının müdafiəsi, vətəndaş cəmiyyətinin inkişafı və digər məsələlər barədə səmərəli fikir mübadiləsi aparılmışdır.
Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stankina görüşdə iştirak etmişdir.